Azərbaycan-Ermənistan sülhü niyə gecikir? - "2026-cı ildə..."

Azərbaycan-Ermənistan sülhü niyə gecikir? - "2026-cı ildə..."
Kateqoriya məlum deyil
T

Ermənistan Respublikasının Baş nazirinin müavini Mqer Qriqoryanın Bakıya səfəri regionda sülh prosesinin növbəti mərhələyə keçdiyinin göstəricisi kimi qiymətləndirilir.

 

Artıq iki ölkə arasında QHT nümayəndələrinin qarşılıqlı səfərləri, eləcə də danışıqların vasitəçisiz aparılması tərəflərin münasibətlərinin normallaşmasında mühüm addım hesab olunur.

 

Son aylarda rəsmi Bakı və İrəvan “sülh sazişi yaxınlaşır” mesajını versə də, sənədin imzalanması hələlik baş tutmayıb. Bəs proses niyə uzanır? Həllini gözləyən əsas məsələlər hansılardır?

 

Bu barədə deputat Hikmət Babaoğlu Sfera.az-a açıqlama verib. O bildirib ki, sərhədlərin delimitasiya və demarkasiyası Azərbaycan-Ermənistan arasında nəzərdə tutulan sülh sazişinin ən vacib komponentlərindəndir:

 

 

“Delimitasiya və demarkasiya məsələləri üzrə komissiya sədrlərinin görüşlərinin dinamikasına baxsaq görərik ki, görüşlər əvvəlcə üçüncü ölkədə, daha sonra sərhəd xəttində, hazırda isə tərəflərin öz ərazilərində, Azərbaycanda və Ermənistanda keçirilir. Bu, prosesin irəlilədiyini və etimad mühitinin gücləndiyini göstərən mühüm əlamətdir”.

 

H.Babaoğlunun sözlərinə görə, sərhədlərin dəqiqləşdirilməsi uzunmüddətli və texniki cəhətdən çətin bir prosesdir:

 

"Söhbət 500 kilometrə yaxın ərazinin ölçülməsindən, sərhəd xəttinin dəqiqləşdirilməsindən və mümkün mübahisəli sahələrin razılaşdırılmasından gedir. Bu səbəbdən proses təbii olaraq vaxt aparır. Lakin mövcud dinamika ümumilikdə müsbət statistikaya malikdir və paraflanmış sülh sazişinin imzalanması üçün yaxşı əsaslar formalaşdırır. Burada söhbət iki ölkə arasındakı sərhədin millimetr dəqiqliyi ilə müəyyənləşdirilməsindən gedir. Hər hansı kiçik anlaşılmazlıq gələcəkdə yeni gərginliklər yarada bilər. Buna görə də proses tələsmədən, diqqət və məsuliyyətlə icra olunur”.

 

Deputat sülh sənədinin imzalanmasına mane olan yalnız sərhəd məsələlərinin olmadığını əlavə edib. Onun sözlərinə görə, digər siyasi maneələrin aradan qaldırılması ilə bağlı son günlər Ermənistan tərəfindən səslənən fikirlər də müsbət qiymətləndirilir:

 

“Sülh sazişinin gecikməsinin səbəbi yalnız sərhəd problemləri deyil. Ermənistan daxilindəki müəyyən siyasi dairələrin prosesi ləngitmək cəhdləri, regiondakı geosiyasi təsirlər, üçüncü tərəflərin prosesə müxtəlif formada müdaxilə etmək istəkləri də rol oynayır. Son vaxtlar Ermənistan tərəfindən bu maneələrin aradan qaldırılması ilə bağlı səslənən bəzi fikirlər isə müsbət siqnaldır və göstərir ki, rəsmi İrəvan daha realist mövqeyə gəlməyə başlayıb. Əgər hər hansı gözlənilməz fövqəladə vəziyyət və ya kənardan təzyiq baş verməsə, hesab edirəm ki, qarşıdakı bir neçə ay ərzində proses daha sürətli gedəcək. 2026-cı ilin ikinci yarısında sülh istiqamətində daha qətiyyətli və nəticəyönlü addımların atılacağını proqnozlaşdırmaq mümkündür”.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ