İsrail-İran müharibəsi başlayacaq? - "12 gün..."

İsraillə 12 gün davam edən müharibə İranı öz təhlükəsizlik strategiyasına yenidən baxmağa məcbur edib. Tehran indi İsraillə genişmiqyaslı qarşıdurmaya nə dərəcədə hazır olduğunu dəyərləndirir.
İsrail mediasının məlumatına görə, İran raket proqramını modernləşdirir, raketlərin uçuş məsafəsini artırır, həmçinin “Hizbullah”ın yenidən silahlandırılması və gücləndirilməsi istiqamətində işlər aparır. Belə şəraitdə İsrail və İran arasında mümkün qarşıdurmanın gedişatı necə proqnozlaşdırılır?
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli İsrail və İran arasında 12 gün davam edən müharibənin hər iki ölkə üçün ciddi nəticələr çıxarmaq imkanı yaratdığını deyib. Politoloq hesab edir ki, artıq həm İsrail, həm də İran bu qarşıdurmada öz güclü və zəif tərəflərini daha dəqiq müəyyənləşdirə bilir və böyük ehtimalla hər iki tərəf həmin döyüşlərin ortaya çıxardığı nəticələrə uyğun şəkildə hərbi prioritetlərini yenidən qurmağa başlayıb:

“İranın da bu savaş zamanı üzə çıxmış problemlərin aradan qaldırılması istiqamətində addımlar atdığı görünür. Bu, istənilən dövlət üçün təbii prosesdir: müharibə şəraitində aşkarlanan çatışmazlıqların aradan qaldırılması. Bununla belə, ümumi mənzərədə nə İsrail, nə də İran genişmiqyaslı müharibədə maraqlı görünmür. Çünki qüvvələr nisbəti aşağı-yuxarı bir-birinə yaxındır və belə şəraitdə hər iki tərəf böyük itkilərdən qaçmağa çalışır. Bu səbəbdən tərəflər birbaşa müharibə əvəzinə daha çox hərbi-siyasi manevrlərlə mövqelərini gücləndirməyə üstünlük verirlər”.
E.Xalidbəyli qeyd edib ki, İsrail-İran arasında növbəti toqquşmanın olub-olmayacağı isə hələ də qeyri-müəyyən olaraq qalır. O bu qeyri-müəyyənliyin əsas amilinin ABŞ olduğunu əlavə edib:
“İsrail Vaşinqtonun dəstəyini almadan Yaxın Şərqdə heç bir ölkə ilə genişmiqyaslı müharibəyə başlamaz. Məhz ABŞ-nin razılığından sonra İran ərazisinə zərbələr endirilmiş və 12 günlük savaş başlamışdı. Ardınca ABŞ özü də İrana zərbələr endirmişdi. Başqa sözlə, İranla bağlı hərbi qərarlar birbaşa Ağ Evdə formalaşır. Əgər gələcəkdə Vaşinqtonda Tehranla bağlı yeni qərar qəbul olunarsa, İsrail-İran arasında daha uzunmüddətli qarşıdurma istisna deyil. Lakin belə qərar olmadığı müddətdə İsrailin İrana qarşı təkbaşına geniş müharibə başlatması inandırıcı görünmür. Hazırkı vəziyyətdə əsas diqqət İsrail-İran qarşıdurmasından çox, İran-ABŞ münasibətlərinə yönəlir. Çünki yeni savaşın baş verməməsi üçün Tehran və Vaşinqton arasında müəyyən razılaşmaların əldə olunması vacibdir. ABŞ-nin İrandan gözləntiləri var, lakin rəsmi Tehran bu tələbləri yerinə yetirməyə tələsmir və bunu öz milli maraqları ilə əsaslandırır. Bu baxımdan Yaxın Şərqdə növbəti müharibənin olub-olmayacağı böyük ölçüdə İran və ABŞ arasında aparılan danışıqların yekun nəticələrindən asılı olacaq”.
Fidan Hacızadə
Sfera.az
