Qərb Ukraynanı sülhə hansı yolla razı salacaq? - AÇIQLAMA

Qərb Ukraynanı sülhə hansı yolla razı salacaq? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Dünya KİV-nin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin ilk dəfə ABŞ-nin 28 maddəlik sülh planına münasibət bildirib. O, ilkin olaraq daha yumşaq mövqe nümayiş etdirməsinə baxmayaraq, tez bir zamanda göstərib ki, Moskva güzəştə getmək niyyətində deyil.

 

Mətbuat konfransında səsləndirdiyi fikirlərdən görünür ki, Putin Vaşinqtonun təklifini “gələcək danışıqlar üçün baza” kimi qiymətləndirsə də, yenidən Ukraynaya qarşı sərt və ultimativ ərazi iddiaları səsləndirib.

 

Putinin mövqeyi göstərir ki, Rusiya güzəştə getməyəcək. Bəs onda Qərb ölkələri Ukraynanı necə razı salacaq?

 

Sfera.az-a bu barədə açıqlama verən siyasi şərhçi Kənan Novruzov hesab edir ki, Putinin mövqeyi bunu təsdiqləyir:

 

 

“Əksinə, sülh təşəbbüsü gündəmə gələndə bir çoxları bunun Ukraynanın kapitulyasiyası anlamına gəldiyini bildirdi. Hətta belə iddialar ortaya çıxdı ki, həmin sülh sənədini əslində Rusiya özü hazırlayıb təqdim edib. Putinin son çıxışı isə məhz bu fikirləri yumşaltmaq və dəyişmək məqsədi daşıyır. Yəni o, sanki bildirmək istəyib ki, bu variant tam olaraq Rusiyanın maraqlarına uyğun deyil. Halbuki, real vəziyyətə baxanda bunun ən çox Rusiyaya sərf etdiyi görünür. Qərb məsələsinə gəlincə, “kollektiv Qərb” anlayışı burada özünü doğrultmur, çünki ABŞ və Avropa fərqli mövqedədir. Vaşinqton müharibənin başa çatmasını istəyir, çünki Moskva ilə gərginliyin daha da artmasında maraqlı deyil və Rusiya ilə iqtisadi münasibətləri genişləndirmək niyyətindədir. Bundan əlavə, ABŞ diqqətini gələcəkdə daha çox Çin istiqamətinə və Yaxın Şərqdəki proseslərə yönəltmək istəyir. Müharibə bitdikdən sonra isə Ukraynaya sərmayə yatırmağı planlaşdırır”.

 

Şərhçi qeyd edib ki, Avropanın müharibənin dayanmasında maraqlı olmamasının əsas səbəbi odur ki, hazırda Rusiya qazını nisbətən ucuz qiymətə alır və yaxşı bilir ki, sülh bərqərar olarsa, bu imtiyaz böyük ehtimalla itəcək:

 

“Bundan başqa, Avropa tərəfi narahatdır ki, müharibə başa çatsa, Rusiyanın növbəti hədəfi məhz Avropa ölkələrindən biri ola bilər. Elə buna görə də ABŞ ilə Avropa arasında ciddi rəqabət formalaşıb. Vaşinqton danışıqları daha çox gündəmə gətirdikcə, Avropa da provokativ addımlar ataraq Ukraynanı silahlandırmaq və döyüşü davam etdirməyə sövq etmək niyyətində ola bilər. Ukraynanın müharibəni dayandırmasına dair fikir formalaşsa belə, Kiyev yaxşı anlayır ki, Avropa onu silah dəstəyi ilə şantaj edərək bu addımı atmasına mane ola bilər. Bu kontekstdə ABŞ və Avropanın mövqeləri tam uyğunsuzdur və “kollektiv Qərb” kimi vahid yanaşma əslində mövcud deyil”.

 

K.Novruzov əlavə edib ki, Ukraynanın razı salınması məsələsinə gəldikdə, əgər ABŞ həqiqətən müharibənin sonlanmasını istəyirsə, daha güclü təzyiqi həm Moskvaya, həm Kiyevə, xüsusilə də Ukraynaya yönəldəcək:

 

“Lakin bu proses müəyyən risklər yaradır və gərginliyin artması Üçüncü Dünya Müharibəsinə qədər gedib çıxa bilər. Çünki Avropanın sülhə maraq göstərmədiyi açıq sezilir. Əgər Avropa anlayarsa ki, sülh yaxınlıqdadır, regionda yeni bir təxribat yaradaraq münaqişəni daha da genişləndirməyə cəhd edə bilər”.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ