Yeni memorandum iki ölkənin hərbi tərəfdaşlığını gücləndirəcək - AÇIQLAMA

Azərbaycanla Türkiyə arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair anlaşma memorandumunun təsdiqlənməsi gündəmdədir. Sənədin layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclasında müzakirə edilib. Bu memorandumun təsdiqlənməsi iki ölkənin müdafiə strategiyasında hansı dəyişikliklərə səbəb olacaq və konkret olaraq hansı sahələrdə birgə fəaliyyətin gücləndirilməsini nəzərdə tutur sualı aktuallaşıb. Müzakirələr fonunda sənədin regiondakı təhlükəsizlik arxitekturasına və Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının gələcək istiqamətlərinə təsiri xüsusi maraq doğurur.
Hərbi ekspert Anar Şuşalı Sfera.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Türkiyə arasında hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair yeni Anlaşma Memorandumunun Milli Məclisdə müzakirəyə çıxarılması iki ölkə arasında strateji tərəfdaşlığın növbəti mərhələyə qədəm qoyduğunu göstərir.

Onun sözlərinə görə, sənədin komitə səviyyəsində dəstəklənməsi onun yaxın zamanda rəsmən təsdiqlənəcəyini ehtimal etməyə imkan verir:
“Bu memorandum təkcə iki qardaş ölkə arasında hərbi əməkdaşlığın genişlənməsi deyil, həm də regionun təhlükəsizlik arxitekturasında nəzərəçarpacaq dəyişikliklərin başlanğıcı kimi qiymətləndirilə bilər”.
Ekspert memorandumun məqsədi və kontekstini belə izah edib:
“Türkiyə və Azərbaycan arasında münasibətlər onsuz da “bir millət, iki dövlət” prinsipi ilə strateji müttəfiqlik səviyyəsindədir. 15 iyun 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi bu əməkdaşlığı hüquqi müstəviyə qaldıraraq qarşılıqlı təhlükəsizlik təminatlarının əsasını qoymuşdu. Yeni memorandum isə bu çərçivəni daha da genişləndirir və əməliyyat səviyyəsində koordinasiyanın, müdafiə sənayesi inteqrasiyasının, birgə təlim və komanda hazırlığının, kəşfiyyat məlumatlarının mübadiləsinin daha sistemli və hüquqi cəhətdən möhkəm formaya salınmasını nəzərdə tutur. Bu addım həm Cənubi Qafqazda dəyişən hərbi-siyasi balansın, həm də Azərbaycanın post-müharibə dövrü müdafiə konsepsiyasının tələbləri ilə izah edilir”.
Müsahibimiz qeyd edib ki, memorandumda ən önəmli istiqamətlərdən biri iki dövlətin Silahlı Qüvvələri arasında hərbi hazırlığın artırılmasıdır:
“Quru qoşunları üzrə taktiki təlimlər, xüsusi təyinatlı qüvvələrin yardım və koordinasiya təlimləri, hava hücumundan müdafiə və pilotsuz uçuş aparatları sahəsində operativ sinxronlaşma, dəniz təhlükəsizliyi üzrə ortaq manevrlər buraya daxildir. Bu sahə Azərbaycan Ordusunun NATO standartlarına keçid prosesinə də uyğun gəlir”.
Ekspert deyib ki, Azərbaycan və Türkiyənin regionda ortaq təhlükəsizlik maraqları var:
“Buna görə kəşfiyyat məlumatlarının real vaxtda mübadiləsi, hədəf identifikasiyası, hibrid və kiber təhdidlərə qarşı ortaq monitorinq sənədin əsas sütunlarından sayılır. Bu, xüsusilə Qafqaz, Xəzər hövzəsi və Yaxın Şərqdə baş verən proseslərin iki ölkə tərəfindən daha dərindən izlənməsinə şərait yaradır”.
Anar Şuşalı bildirib ki, son illərdə Türkiyənin dron, raket və zirehli texnika sahəsindəki uğurları Azərbaycanda böyük maraq doğurur:
“Memorandum çərçivəsində müdafiə sənayesində birgə istehsal layihələri, texnoloji transfer, istehsal və modernizasiya mərkəzlərinin yaradılması, Azərbaycan şirkətlərinin türk hərbi sənaye ekosisteminə inteqrasiyası kimi addımlar gözlənilir. Bu istiqamət Azərbaycanın müdafiə sənayesinin inkişafını sürətləndirəcək, xarici asılılığı isə azaldacaq”.
Müsahibimiz vurğulayıb ki, müasir döyüş meydanı fiziki səngərdən çox virtual məkan üzərində qurulur:
“Buna görə memorandum kiber hücumların qarşısının alınması, kritik infrastrukturun müdafiəsi, informasiya təhlükəsizliyi, dezinformasiya ilə mübarizə kimi sahələrdə birgə fəaliyyət mexanizmlərini gücləndirəcək”.
Ekspert bildirib ki, əməkdaşlıq çərçivəsinə aşağıdakılar da daxildir:
“Hərbi yüklərin tranziti və təhlükəsiz daşınması, texnikanın təmiri, modernizasiyası və servisi, ehtiyat hissələri və sursat təminatında vahid standartlaşdırma, fövqəladə vəziyyətlərdə kömək mexanizmləri. Bu, Azərbaycan ordusunun sürətli reaksiya imkanlarını artırır”.
Mövzunu siyasi aspektdən şərh edən politoloq Tural İrfan bildirib ki, Türkiyə ilə Azərbaycan arasında sıx əməkdaşlıq, strateji müttəfiqlik daha da güclənməkdədir.

Onun sözlərinə görə, bu qəbildən bir çox müqavilələr, memorandumlar imzalanır:
“Bu hər iki ölkənin müdafiə strategiyası üçün zəruridir. Hərbi yöndə qarşılıqlı əlaqələrin inkişafı hər iki ölkənin gələcəyi üçün, təhlükəsizliyinin təminatı üçün önəmlidir. "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirə edilərək plenar iclasa tövsiyə olunması sözü gedən prosesin səmərəli şəkildə irəlilədiyindən xəbər verir”.
Politoloqun sözlərinə görə, Türkiyə hərb və hərb sənayesi sahəsində inkişaf edən ölkədir və Azərbaycan ilə Türkiyə arasında sıx dostluq, qardaşlıq bağları var:
“Odur ki, Türkiyə öz nailiyyətlərindən Azərbaycanın da bəhrələnməsi üçün müvafiq işlər görür. Eyni zamanda Azərbaycanın da Türkiyə üçün rolu böyükdür. Demək olar ki, bütün sahələrdə əməkdaşlıq mövcuddur. Hesab etmək olar ki, bu memorondumun qəbul edilməsi hər iki ölkənin hərbi sahədəki əlaqələrini daha da inkişaf etdirəcək. Habelə Azərbaycanın öz təhlükəsizliyini yüksək səviyyədə təmin etməsi üçün bu kimi anlaşmaların davamlı olması zəruridir”.
Niyaz Hacıyev
Sfera.az
