BMT-nin yeni Baş katibi Qrossi ola bilər

Argentina Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossini Birləşmiş Millətlər Təşkilatının Baş Katibliyinə namizəd kimi rəsmən təklif edib.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Argentina Respublikası MAQATE-nin baş direktoru Rafael Qrossini 2027-2031-ci illərdə BMT Baş Katibliyinə namizəd kimi irəli sürmək şərəfinə malikdir. MAQATE rəhbəri münaqişələr və ciddi beynəlxalq böhranlar şəraitində siyasi dialoqu təşviq etmək bacarığını nümayiş etdirib ki, bu da onu BMT-nin baş katibi vəzifəsinə düzgün namizəd edir”,– XİN bildirib.
Qeyd edək ki, çərşənbə günü BMT Təhlükəsizlik Şurası və Baş Assambleya qlobal təşkilatın yeni baş katibinin seçilməsi proseduruna başlamaq üçün birgə məktub dərc edib. Bu vəzifəyə namizədlər üzv dövlətlər tərəfindən irəli sürülür və hər bir ölkə yalnız bir namizəd irəli sürə bilər. Namizədlik üçün ölkələr Təhlükəsizlik Şurası və Baş Assambleyanın sədrlərinə müvafiq məktublar göndərməlidirlər.
Namizədlər öz növbəsində təşkilatın inkişafı ilə bağlı öz baxışlarını təqdim etməli və gəlir mənbələrini bəyan etməlidirlər. Namizəd BMT orqanında işləyirsə, maraqların toqquşmasının qarşısını almaq üçün seçki müddəti ərzində səlahiyyətlərini dayandırmalıdır. Seçkilərin özünün 2026-cı ilin iyul ayının sonunda baş tutacağı gözlənilir. Qlobal təşkilatın hazırkı rəhbəri Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatır.Rafael Qrossi və Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan BMT baş katibi postuna namizəd olmaq niyyətlərini bəyan ediblər.
BMT-nin baş katibi BMT Təhlükəsizlik Şurası tərəfindən seçilir və Baş Assambleya tərəfindən yenidən seçilmək imkanı ilə beş il müddətinə təsdiq edilir. Müddətlərin sayı məhdud deyil, lakin ən uzun xidmət edən katiblər on il işləyib. Mövcud praktikaya uyğun olaraq, baş katib BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən - Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransadan gəlməməlidir.
Firuzə Əliyeva
Sfera.az





