Strateji işçi qrupunun fəaliyyəti nə olacaq? - Hikmət Hacıyevdən AÇIQLAMA

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-də yaradılacaq strateji işçi qrupunun fəaliyyətinin necə olacağı barədə Baku TV-yə danışıb.
O qeyd edib ki, cənab Prezidentin Amerika Birləşmiş Ştatlarına 8 avqustda səfəri əsnasında ABŞ-Azərbaycan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ilə əlaqədar Amerika ilə Azərbaycan arasında anlaşma memorandumu imzalanıb və bu anlaşma memorandumunun şərtlərindən biri ondan ibarət idi ki, iki ölkə arasında işçi qrupu yaradılır və bu işçi qrupu strateji tərəfdaşlıq gündəliyinin və strateji tərəfdaşlıq əlaqələrinin mahiyyəti üzrə təkliflərini hazırlayır.
"Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti tərəfindən verilən açıqlamanın mahiyyəti ondan ibadətdir ki, Dövlət Departamentində ABŞ-Azərbaycan strateji tərəfdaşlığı ilə əlaqədar işçi qrupu yaradılıb. Aidiyyəti qrup Azərbaycan tərəfində də mövcuddur. Azərbaycan tərəfinin müvafiq təklifləri də Amerika Birləşmiş Ştatları tərəfindən təqdim edilib. Anlaşma memorandumunun özündə də qeyd olunduğu kimi, ABŞ ilə Azərbaycan arasında enerji, nəqliyyat, süni intellekt, yüksək texnologiyalar, müdafiə, təhlükəsizlik və digər sahələrdə əmakdaşlığı özündə ehtiva edən strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilir", - deyə o bildirib.
Həmçinin Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrəvanda keçiriləcək olan Avropa Siyasi Birliyinin Sammitində iştirak edib-etməməsi ilə bağlı sualı cavablandırıb.
"Bununla əlaqədar bizə rəsmi dəvət məktubu hələ daxil olmayıb. Hazırda düşünmürük ki, Azərbaycanda ali səviyyədə bu tədbirdə iştirak həyata keçirilmiş olsun", - deyə o vurğulayıb.






