Parlament bu qanun layihəsini qəbul etdi

"Dövlət xidmətləri haqqında" qanun layihəsi qəbul edilib.
Sfera.az xəbər verir ki, qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsi dövlət xidmətləri sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, həmçinin dövlət xidmətlərinin göstərilməsi sahəsində münasibətləri tənzimləyəcək. Dövlət Xidmətlərinin Elektron Reyestri (bundan sonra DXER) dövlət xidmətləri barədə məlumatları əks etdirən vahid informasiya sistemidir.
Layihədə xidmət istifadəçilərinin dairəsi, onların hüquq və vəzifələri də konkret olaraq müəyyən edilib. Layihənin qəbul olunması ilə dövlət xidmətinin formalaşdırılmasına dair tələblər müəyyən olunacaq. Layihəyə əsasən dövlət xidməti Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edildikdən sonra həmin xidmətin göstərilməsinə yol veriləcək. Təklif olunan layihədə dövlət xidmətinin göstərilməsi nəticəsi elektron sənəd yaxud kağız daşıyıcıda inzibati akt, hüquqmüəyyənedici və texniki sənədlər şəklində və ya informativ elektron xidmətlər üzrə məlumatın verilməsi ilə həyata keçirildiyi qeyd edilir.
Layihədə öz əksini tapan vacib bir məqamda ondan ibarətdir ki, dövlət xidmətinin keyfiyyətinə nəzarət mexanizmi müəyyən edilir. "ASAN xidmət indeks" qiymətləndirilməsi mexanizmi daha da təkmilləşdirilərək qiymətləndirilmə aparıldıqdan sonra dövlət xidmətinin keyfiyyətinə nəzarət üçün əsaslardan hesab ediləcək. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Firuzə Əliyeva
Sfera.az






