Şoyqu Belousovla ƏVƏZLƏNDİ - Putinin gələcək planı nədir?

“Putinin Şoyqunu müdafiə naziri postundan uzaqlaşdırmasında səbəb axtarışı diqqəti Ukrayna müharibəsinə yönəldir”.
Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. O qeyd edib ki, müharibənin gedişində müdafiə naziri dəyişirsə, bu, cəbhədə problemin olduğu deməkdir.
Ekspertin sözlərinə görə, itkilərə, uğursuzluqlara görə son nəticədə Şoyqu məsuliyyət daşıyır:
““Vaqner” üsyanından sonra Şoyqunun hədəf taxtasına çıxması daha da sürətləndi. Son olaraq, müavini Timur İvanovun korrupsiya ittihamı ilə həbsinin Şoyqu üçün xoşagəlməz vəziyyət yaratdığını düşünmək olar. Lakin səbəbləri Ukrayna cəbhəsində, yaxud Müdafiə Nazirliyinin dəhlizlərində axtarmaq yanıldıcı ola bilər. Rusiya kimi ölkələrdə yüksəkrütbəli məmurun korrupsiya əməli o qədər də təccüblü deyil və istisna deyil ki, müavininin məhz indi ifşa edilməsi Şoyqunun gedişini “asanlaşdırmaq” məqsədi daşıyıb. Digər tərəfdən, Ukrayna cəbhəsində Kiyevin böyük əks-hücum əməliyyatının uğursuzluğundan sonra rus ordusu üçün vəziyyət o qədər də pis deyil, əksinə, işğal etdikləri ərazilərdə möhkəmləndiyi və irəlilədiyi haqda xəbərlər gəlir. Xarkov istiqamətində baş verənlər bunun son nümunəsidir”.
Nərimanlı bildirib ki, Şoyqunun gedişi və yerinə Andrey Belousovun təyin edilməsi daha çox Putinin gələcək planından qaynaqlanır:
“İqtisadçı olan Belousov mülki şəxs kimi Müdafiə Nazirliyinə rəhbərlik edəcək, lakin bu, Ukrayna müharibəsinin gedişində, ümumiyyətlə ordunun hərbi fəaliyyətində dəyişikliyin olacağı demək deyil. Çünki hərbi məsələlər Gerasimov başda olmaqla generalların işidir, Şoyqu postundan getdiyi vaxt Ukraynada müharibənin davam etməsi də nazirin həlledici olmadığını göstərir. Belousovun bu posta gətirilməsi bir neçə kontekstdə qiymətləndirilir: Müdafiə Nazirliyində korrupsiyanı kökündən kəsmək; Şoyquya yaxın “kabinet generalları” əvəzinə döyüşən hərbçiləri önə çıxarmaq; Ordunun iqtisadi gücünü artırmaq, xüsusilə müharibənin getdiyi vaxt əməliyyatlarla təşkilatçılıq məsələlərini bir-birindən ayırmaq, eləcə də hərbi sənayenin inkişaf etdirmək və s; Rusiya tamamilə müharibə iqtisadiyyatına keçir və “iqtisadi reseptləri” ilə ad çıxarmış Belousov bu işin öhdəsindən gələ bilər.
Hərçənd, Putinin müdafiə naziri postuna Belousovu gətirməsi varislik planından da qaynaqlana bilər”.
Qeyd edək ki, Putinin fərmanı ilə Sergey Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib. O, bu postda Nikolay Patruşevi əvəz edib. Rusiyanın yeni müdafiə naziri vəzifəsinə isə Putin Dmitri Belousovun namizədliyini irəli sürüb.
Günay