2024-cü ildə daha hansı ölkələrdə prezident seçkiləri keçiriləcək? - SİYAHI
Prezident İlham Əliyev 2024-cü ilin fevralında Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçiriləcəyi ilə bağlı Sərəncam imzalayıb. Qərara əsasən, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.
2024-cü ildə təkcə Azərbaycanda deyil, digər ölkələrdə də seçkilər baş tutacaq.
Sfera.az həmin ölkələrlə bağlı məlumatı təqdim edir.
ABŞ – Prezident seçkiləri noyabrın 5-nə təyin edilib. Bu, ölkə tarixində 60-cı prezident seçkiləri olacaq. 2020-ci il siyahıyaalmasının nəticələrinə əsasən, seçki səsləri ştatlar arasında yenidən bölüşdürülüb. 15 noyabr 2022-ci ildə ABŞ-nin 45-ci prezidenti Donald Tramp seçki kampaniyasına başladığını elan edib. 25 aprel 2023-cü ildə hazırkı prezident Co Bayden namizədliyini açıqlayıb. ABŞ Konstitusiyasının 2-ci maddəsinə əsasən, prezident seçilmək üçün namizədin anadangəlmə ABŞ vətəndaşı olması, ən azı 35 yaşı olması və ən azı 14 il ölkədə yaşaması lazımdır. Namizədlər öz siyasi partiyaları tərəfindən praymerizin nəticələrinə əsasən irəli sürülür. Seçilmiş prezidentin andiçmə mərasimi 2025-ci il yanvarın 20-nə təyin edilib.
Finlandiya – Bu ölkədə prezident seçkilərinin 28 yanvar, ikinci turun isə 11 fevral tarixində keçiriləcəyi gözlənilir. Vətəndaşlar respublika prezidentini altı il müddətinə seçəcəklər. Yanvarın 28-də keçirilən ilk səsvermədə etibarlı səslərin yarıdan çoxunu qazanaraq yeni prezident seçilərsə, onun səlahiyyət müddəti 2024-cü il fevralın 1-də başlayacaq. Seçkilər fevralın 11-də ikinci səsverməyə keçərsə, müddət 2024-cü il martın 1-də başlayacaq. Finlandiya Konstitusiyasının 54-cü maddəsinin birinci bəndinə əsasən, “Prezident doğma Finlandiya vətəndaşı olmalıdır”.
Gürcüstan – Gələn bu ölkədə həm parlament, həm də prezident seçkiləri baş tutacaq. Bu, Gürcüstanın 1991-ci ildə müstəqilliyini elan etməsindən sonra doqquzuncu prezident seçkiləri olacaq. Burada prezident 5 il müddətinə seçilir. Ən azı 15 il Gürcüstanda yaşayan 40 yaşdan yuxarı Gürcüstan vətəndaşı prezident seçilə bilər.
Rusiya – Prezident seçkilərinin 2024-cü ilin mart ayında keçirilməsi planlaşdırılır. Ölkənin seçki qanunvericiliyinə uyğun olaraq, birinci tur bazar günü, martın 17-də keçiriləcək. Namizədlərdən heç biri səslərin yarısından çoxunu toplamasa, ikinci tur düz üç həftə sonra - 7 aprel 2024-cü ildə baş tutacaq. Seçkilərin qalibinin inauqurasiya mərasiminin 2024-cü il mayın 7-də keçirilməsi planlaşdırılır. Konstitusiyanın yeni redaksiyasına görə, prezidentliyə namizəd olmaq üçün tələblər bunlardır: Ən azı 35 yaş; Rusiyada ən azı 25 il (əvvəllər 10 il) yaşamaq; Nə seçki zamanı, nə də ondan əvvəl heç bir vaxt xarici ölkədə xarici vətəndaşlıq və ya yaşayış icazəsi olmamaq (yeni tələb).
Ukrayna – Seçkilər 31 mart 2024-cü ildə keçirilməlidir. Lakin Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsi ilə əlaqədar elan olunan hərbi vəziyyət hələ də davam edərsə, seçkilər təxirə salına və yenidən təyin oluna bilər. Ukrayna prezidenti iki turlu sistemlə beş il müddətinə seçilir. Birinci turda heç bir namizəd mütləq səs çoxluğu əldə etməzsə, birinci turdan üç həftə sonra ikinci turun keçiriləcəyi gözlənilir. Konstitusiyaya görə, prezidentin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildiyi halda, yeni prezidentin seçilməsi əvvəlki prezident vəzifəsini tərk etdikdən sonra 90 gün ərzində keçirilməlidir. Konstitusiya prezidentlərin iki müddət səlahiyyət müddətini məhdudlaşdırır.
Günay