Piylənmənin yayılmasının əsas səbəbi BƏLLİ OLDU - DİYETOLOQDAN AÇIQLAMA
Son illər piylənmə hallarının artmasının əsas səbəblərindən biri qidalanma vərdişlərinin dəyişməsidir. Hazır və yarımfabrikat məhsulların daha çox istehlak edilməsi, eyni zamanda fiziki aktivliyin azalması artıq çəki problemini dərinləşdirir.
Sfera.az xəbər verir ki, bu barədə Krım Səhiyyə Nazirliyinin baş ştatdankənar diyetoloqu Viktoriya Qavrilova TASS-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, son 10-15 ildə mağazalarda satılan məhsulların emal səviyyəsi və kaloriliyi artıb, tərkibindəki lif, vitamin və mikroelementlərin miqdarı isə azalıb.
Diyetoloq qeyd edib ki, qısa müddətdə qızdırılaraq və ya 10-15 dəqiqəyə hazırlana bilən hazır yeməklərə üstünlük verilməsi orqanizmdə doymuş yağların və rafinə edilmiş karbohidratların həddindən artıq qəbuluna, faydalı qida maddələrinin isə çatışmazlığına səbəb olur.
Belə qidalar insanda yalnız qısamüddətli toxluq hissi yaradır. Nəticədə insan bir-iki saat sonra yenidən acır və qida dəyəri aşağı, kalorisi yüksək olan məhsullara üz tutur. Bu isə gün ərzində qəbul edilən kalorinin orqanizmin ehtiyacından xeyli artıq olmasına gətirib çıxarır.
Mütəxəssis problemin digər mühüm səbəbi kimi hərəkətsiz həyat tərzini göstərib. Ofis işi, kompüter qarşısında uzun müddət oturmaq, avtomobildən istifadə, məişət texnikası və çatdırılma xidmətlərinin geniş yayılması gündəlik fiziki aktivliyi azaldır.
Qavrilovanın sözlərinə görə, qəbul edilən artıq kaloriləri sərf etmək üçün kifayət qədər fiziki fəaliyyət olmadıqda orqanizmdə davamlı enerji artıqlığı yaranır və bu, çəki artımına şərait yaradır.
Fatimə
Sfera.az






