Logo

"Meyitin yaxınları orqan transplantasiyasına icazə vermirlər" - Həkimdən NARAZILIQ

"Meyitin yaxınları orqan transplantasiyasına icazə vermirlər" - Həkimdən NARAZILIQ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, Azərbaycanda ürək və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi təklif olunur.

Bununla yanaşı, böyrək transplantasiyasını gözləyən xəstələrin hemodializ, peritoneal dializ və genetik analiz kimi vacib tibbi xidmətlərdən sığorta hesabına yararlanması məsələsi də gündəmə gətirilib.

Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib ki, əsas məqsəd transplantasiyaya ehtiyacı olan Azərbaycan vətəndaşlarının müalicə üçün xarici ölkələrə üz tutmasının qarşısını almaq və ölkədə bu sahənin inkişafını təmin etməkdir.

Bəs sözügedən transplantasiya əməliyyatlarının icbari tibbi sığorta hesabına qarşılanması nə dərəcədə mümkündür? Bu xidmətlərin Xidmətlər Zərfinə daxil edilməsi xəstələrin müalicəyə əlçatanlığına necə təsir göstərə bilər?

Tibb elmləri doktoru, professor Adil Qeybulla Sfera.az-a açıqlamasında bildirib ki, orqan nəqli icbari tibbi sığortanın əsas hədəflərindən biri olmalıdır. Onun sözlərinə görə, transplantasiya əməliyyatları böyük maliyyə vəsaiti tələb etdiyindən bu xidmətlərin sığorta hesabına qarşılanması vacibdir:

"Meyitin yaxınları orqan transplantasiyasına icazə vermirlər" - Həkimdən NARAZILIQ

“Orqan nəqli məsələsi icbari tibbi sığortanın hədəfində olmalıdır. Çünki bu, çox böyük xərclər tələb edən bir məsələdir və orqan nəqlinə ehtiyacı olan şəxslərin icbari tibbi sığorta paketi çərçivəsində maliyyələşdirilməsi çox vacibdir. Amma məsələ təkcə bundan ibarət deyil. Əsas problemlərdən biri orqan tapılmasıdır. Orqan nəqli özü bir məsələdir, lakin donor mənbəyinin olması da çox vacibdir. Çünki orqan və donor mənbəyi olmasa, orqan nəqli necə həyata keçirilə bilər?” .

Professor qeyd edib ki, Azərbaycanda donor çatışmazlığı probleminin həlli üçün cəmiyyətdə maarifləndirmə işlərinin aparılmasına ehtiyac var:

“Azərbaycanda donor mənbəyi ilə bağlı problem var ki, bu da tədricən öz həllini tapmalıdır. İnsanlar beyin ölümü keçirmiş, yəni əslində meyit hesab edilən öz yaxınlarından orqan götürülməsinə icazə vermirlər. Bu məsələ cəmiyyətdə öz həllini tapmalıdır. Çünki orqan donoru ola biləcək xeyli insan var, lakin onların yaxınları orqanlarının götürülməsinə icazə vermirlər. Düzdür, istisnalar var, amma bunun kütləvi hal alması üçün cəmiyyətdə mütləq maarifləndirmə işləri aparılmalıdır”.

Adil Qeybulla bildirib ki, hazırda alternativ donor mənbələrinin yaradılması istiqamətində də elmi tədqiqatlar aparılır: “Hazırda orqan mənbəyi kimi müxtəlif heyvanlardan, xüsusilə donuzlardan istifadə istiqamətində də tədqiqatlar aparılır. Gen mühəndisliyi və molekulyar biologiyanın müxtəlif üsulları vasitəsilə onların genlərində dəyişikliklər edilir, orqanları insan orqanizminə uyğunlaşdırılmağa çalışılır”.

A.Qeybulla vurğulayıb ki, orqan transplantasiyasının geniş tətbiqi üçün səhiyyənin vahid sistem çərçivəsində fəaliyyət göstərməsi lazımdır:

“Digər tərəfdən, səhiyyə vahid sistemə keçirilməlidir. Yəni ucqar rayonlardan, kəndlərdən tutmuş, tibbi fəaliyyətin həyata keçirildiyi bütün müəssisələr vahid sistem çərçivəsində fəaliyyət göstərməlidir ki, bu məsələləri həyata keçirə bilək. Çünki orqan nəqlinə ehtiyacı olan insanların siyahısı tutulur və onlar növbəlilik əsasında, əldə olunan orqana uyğun olaraq əməliyyat olunurlar. Yəni burada da şəffaflıq təmin edilməlidir”.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR