Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ

Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
T

Hialuron turşusu əsaslı dolğular dodaq, üz və digər nahiyələrdə estetik məqsədlə geniş istifadə olunur. Lakin son günlər bu prosedurların təhlükəsizliyi yenidən gündəmə gəlib.

İddialara görə, cinsiyyət orqanının böyüdülməsi üçün hialuron turşusu inyeksiyası etdirən milyonçu iş adamı Ubirimbo prosedurdan bir müddət sonra dünyasını dəyişib. İlkin olaraq ölüm səbəbi infarkt göstərilsə də, sonrakı araşdırmada hialuron turşusu inyeksiyası nəticəsində ağciyər emboliyası keçirdiyi müəyyən edilib.

Bu hadisə hialuron turşusu dolğularının nə qədər riskli olduğunu göstərir.

Dodaq və üz nahiyəsinə vurulan hialuron turşusu da damara düşmə, emboliya və hətta ölüm kimi ciddi fəsadlara səbəb ola bilərmi?

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən kosmetoloq Rəna Bayramova bildirib ki, hialuron turşusu əsaslı dolğular ümumilikdə estetik təbabətdə geniş istifadə olunan preparatlardır və düzgün göstəriş, uyğun preparat və təcrübəli mütəxəssis tərəfindən tətbiq edildikdə təhlükəsizlik profili yüksəkdir. Onun sözlərinə görə, hər inyeksion prosedur kimi, onların da müəyyən riskləri mövcuddur:

“Ən ciddi fəsadlardan biri preparatın təsadüfən damara yeridilməsi və ya damarın sıxılması nəticəsində damar tıxanıqlığının yaranmasıdır. Bu zaman toxuma qan təchizatının pozulması, nekroz, çox nadir hallarda isə daha ciddi damar fəsadları meydana çıxa bilər. Üz nahiyəsində, xüsusilə burun, burunətrafı və bəzi digər anatomik sahələrdə damar strukturlarının xüsusiyyətləri səbəbindən xüsusi ehtiyat tələb olunur. Ağciyər emboliyası isə hialuron turşusu dolğularının ən tipik və gözlənilən ağırlaşması hesab edilmir. Konkret bir şəxsin ölümünün səbəbini isə yalnız tibbi sənədlər, ekspertiza və araşdırmanın nəticələri əsasında qiymətləndirmək mümkündür. Buna görə də mediada yayılan konkret hadisəni bütün hialuron turşusu dolğuları üçün ümumiləşdirmək düzgün olmaz”.

Kosmetoloq qeyd edib ki, əsas məsələ prosedurun steril şəraitdə, düzgün anatomik biliklərə malik, bu sahədə təcrübəli həkim tərəfindən həyata keçirilməsidir:

“Pasiyentin istifadə olunan preparat, mümkün risklər və fəsad baş verdikdə görüləcək tədbirlər barədə əvvəlcədən məlumatlandırılması da vacibdir. Yəni hialuron turşusu dolğuları risksiz prosedur deyil, lakin ciddi və həyati təhlükəli ağırlaşmalar nadir hallarda baş verir. Riskin minimuma endirilməsi üçün həm preparatın düzgün seçilməsi, həm də inyeksiyanın texniki və anatomik cəhətdən düzgün aparılması mühüm əhəmiyyət daşıyır”.

Qeyd edək ki, hialuron turşusu orqanizmdə təbii olaraq, xüsusilə dəri, göz və birləşdirici toxumalarda rast gəlinən maddədir. Dərinin nəmliliyinin və elastikliyinin qorunmasında rol oynayır. Estetik prosedurlarda isə əsasən həcm vermək, üz cizgilərini formalaşdırmaq, dodaqları dolğunlaşdırmaq və bəzi qırışların görünüşünü azaltmaq məqsədilə istifadə olunur.

Hialuron turşusu əsaslı dolğulara üstünlük verilməsinin əsas səbəblərindən biri onların orqanizmdə təbii şəkildə mövcud olan maddəyə əsaslanması və nəticənin müvəqqəti olmasıdır. Belə dolğular zamanla orqanizm tərəfindən parçalanır. Həmçinin, arzuolunmaz nəticə və ya müəyyən fəsad yarandıqda hialuronidaza adlı ferment vasitəsilə dolğunun parçalanması mümkün ola bilər.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR