D vitamini çatışmırsa, bu problemlər yaranır

Mütəxəssislər D vitamini çatışmazlığının müxtəlif sağlamlıq problemləri ilə əlaqəli olduğunu bildirirlər. Günəş işığının orqanizmdə D vitamini sintezində mühüm rol oynadığını vurğulayan mütəxəssislər, çatışmazlığın sümük sağlamlığından immun sisteminə qədər bir sıra sahələrə təsir göstərə biləcəyini qeyd ediblər.
Sfera.az xəbər verir ki, Akdeniz Universiteti Tibb Fakültəsinin Dermatologiya və Zöhrəvi Xəstəliklər kafedrasının professoru, professor Dr. Ayşe Akman D vitamininin və günəş işığının sağlam həyat üçün əhəmiyyətli olduğunu deyib.
Akmanın sözlərinə görə, günəş işığından düzgün və nəzarətli şəkildə faydalanmaq vacibdir. O, xüsusilə günorta saatlarında uzun müddət günəş altında qalmağın tövsiyə edilmədiyini, günəşə məruz qalma müddətinin isə fərdi xüsusiyyətlərə və dəri tipinə uyğun müəyyənləşdirilməli olduğunu vurğulayıb.
Professor D vitamininin sintezində günəş işığının mühüm rol oynadığını qeyd edib. O bildirib ki, bəzi genetik və metabolik problemlər orqanizmdə D vitamini sintezinə təsir göstərə bilər. Belə hallarda qanda D vitamini səviyyəsinin ölçülməsi və çatışmazlıq müəyyən edildikdə, həkim məsləhəti ilə uyğun miqdarda vitamin əlavələrinin qəbul edilməsi tövsiyə olunur.
Akman D vitamini çatışmazlığının müxtəlif sağlamlıq problemləri ilə əlaqələndirildiyini söyləyib. Çatışmazlıq immun sisteminin fəaliyyətinə, sümük sağlamlığına və digər fizioloji proseslərə təsir göstərə bilər. D vitamini səviyyəsinin aşağı olması saç tökülməsi və sümük zəifliyi kimi problemlərlə də əlaqələndirilir.
Bununla yanaşı, mütəxəssis D vitamini əldə etmək məqsədilə uzun müddət günəş altında qalmağın düzgün olmadığını xəbərdar edib. Uzunmüddətli və nəzarətsiz günəşə məruz qalma dərinin zədələnməsinə, erkən yaşlanmasına və dəri xərçəngi riskinin artmasına səbəb ola bilər.
Professor günəşdən qoruyucu vasitələrin seçimində də diqqətli olmağın vacibliyini vurğulayıb. O hesab edir ki, bütün məhsullar hər kəs üçün eyni dərəcədə uyğun deyil.
“Krem, losyon və ya uşaqlar üçün nəzərdə tutulan məhsulların, eləcə də fiziki və ya kimyəvi filtrli günəş qoruyucularının seçimi insanın dəri xüsusiyyətləri və ehtiyacları nəzərə alınmaqla aparılmalıdır”.
Mütəxəssis xüsusilə uşaqlarda günəşdən qoruyucu məhsullar seçilərkən ehtiyatlı olmağı və dermatoloq məsləhətinə üstünlük verməyi tövsiyə edib.
İradə Elsevər
Sfera.az






