Bu dərmanı içənləri 20 il sonra təhlükə gözləyir – Professordan XƏBƏRDARLIQ

"Ozempic” və arıqlama məqsədilə istifadə olunan digər inyeksiyalarla çəki atan insanlar gələcəkdə qəbizlik və divertikulit kimi bağırsaq problemləri ilə üzləşə bilərlər.
Sfera.az bildirir ki, ABŞ-nin Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova bu fəsadların dərman istifadəsindən təxminən 20 il sonra özünü göstərə biləcəyini bildirib.
Professor bu barədə “Lenta.ru”ya müsahibəsində danışıb.
Onun sözlərinə görə, divertikullar – yoğun bağırsağın divarında yaranan kiçik “ciblər” – yaş artdıqca insanlarda geniş yayılır. Lakin arıqlama preparatlarının istifadəsi bu prosesin inkişafına şərait yarada bilər. Nəticədə bağırsaqda çoxsaylı divertikulların əmələ gəlməsi ilə xarakterizə olunan divertikulyoz inkişaf edə bilər.
Baranova hesab edir ki, bu prosesin qarşısını almağın əsas yollarından biri kifayət qədər, xüsusilə də qaba liflərlə zəngin qida qəbul etməkdir.
“İnsanlar bu preparatları qəbul edərkən daha az yeyirlər və bununla yanaşı, qida liflərini də daha az qəbul edirlər. Qida bağırsaqda daha uzun müddət qalır, bu "ciblərə" dolur və onları genişləndirir”, – professor bildirib.
Fəsadlar niyə illər sonra ortaya çıxa bilər?
Baranovanın sözlərinə görə, hazırda bu dərmanların uzunmüddətli nəticələri tam şəkildə görünmür. Bunun əsas səbəbi isə arıqlama preparatlarından istifadə edən insanların böyük hissəsinin hələ orta yaş qrupunda olmasıdır.
Professorun proqnozuna görə, problemin miqyası qarşıdakı 20 il ərzində daha aydın şəkildə ortaya çıxa bilər.
O qeyd edib ki, artıq bu gün belə, heç vaxt arıqlama preparatlarından istifadə etməyən yaşlı insanlar arasında ciddi qəbizlik hallarına rast gəlinir.
“İndi təsəvvür edin ki, insan yaşlı vaxtında qəbizlik və divertikulit riski ilə üzləşirsə, üstəlik, gənc və orta yaşlarında bağırsağını bu preparatların təsirinə məruz qoyubsa, gələcəkdə risk nə qədər arta bilər”, – Baranova vurğulayıb.
Semaglutidin başqa təsirləri də araşdırılır
Qeyd edək ki, “Ozempic”in əsas təsiredici maddəsi semaglutiddir. Preparat əsasən şəkərli diabetin müalicəsində istifadə olunsa da, onun çəki azaltmaq təsiri səbəbindən arıqlama məqsədilə istifadəsi son illərdə geniş yayılıb.
Bununla yanaşı, semaglutidin digər mümkün təsirləri də araşdırılır. Məsələn, 2026-cı ilin iyununda Stanford Universitetinin tədqiqatçıları semaglutidin sümük sınıqları riskinin azalması ilə əlaqəli ola biləcəyini bildiriblər.
Bununla belə, mütəxəssislər preparatların uzunmüddətli təsirlərinin tam qiymətləndirilməsi üçün daha çox araşdırmaya ehtiyac olduğunu vurğulayırlar.
İnci






