Gənclər arasında infarkt və insult riski artır - Kardioloqdan XƏBƏRDARLIQ

Son illər gənc yaşlarda infarkt və insultdan ölüm halları cəmiyyətdə geniş müzakirə olunan mövzulardan birinə çevrilib. Bu tendensiyanın səbəbləri isə ictimai maraq doğuran əsas məsələlərdən biridir.
Sfera.az-a açıqlama verən kardioloq Günay Rəhimova bildirib ki, əvvəllər gənc yaşda infarkt və insult halları təəccüb doğururdusa, indi bu hallara daha tez-tez rast gəlinir.
Kardioloqun sözlərinə görə, bunun əsas səbəblərindən biri güclü stressdir:
"Gündəlik həyatdakı psixoloji gərginlik, müharibələr, böhranlar və informasiya yükü ürək-damar xəstəliklərini tətikləyən amillər sırasındadır. "Fast food" məhsulları, qazlı və energetik içkilərin həddindən artıq qəbulu ürək-damar sağlamlığına mənfi təsir göstərir".

G.Rəhimova bildirib ki, genetik meyillilik də infarkda səbəb olan əsas risk faktorlarındandır:
"Bəzi irsi ürək xəstəlikləri qəfil ölümə səbəb ola bilər və insanlar çox vaxt bundan xəbərsiz olurlar".
O, həmçinin idman zamanı həkim məsləhəti olmadan hormon, iynə və digər naməlum preparatlardan istifadənin təhlükəli olduğunu vurğulayıb. Kardioloqun sözlərinə görə, zərərli vərdişlər, xüsusilə siqaret, qəlyan və spirtli içkilər də infarkt və insult riskini artırır.
Xatırladaq ki, infarkt və insult riskinin vaxtında müəyyən edilməsi üçün mütəmadi tibbi müayinədən keçmək və xolesterin göstəricilərini yoxlatdırmaq tövsiyə olunur.
İradə Elsevər







