Oğlanlarda daha çox aşkarlanır! – Autizm artımının səbəbləri nədir?

Oğlanlarda daha çox aşkarlanır! – Autizm artımının səbəbləri nədir?
Kateqoriya məlum deyil
T

Azərbaycanda son beş ildə autizm spektr pozuntusu diaqnozu qoyulan uşaqların sayı iki dəfədən çox artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-2025-ci illərdə ümumilikdə 13 min 676 nəfərə autizm spektr pozuntusu diaqnozu qoyulub. Uşaq autizmi diaqnozu ilə qeydiyyatda olanların sayı 2021-ci ildə 1624 nəfər olduğu halda, 2025-ci ildə 3533 nəfərə yüksəlib. Atipik autizm diaqnozu ilə qeydiyyatda olanların sayı isə həmin dövrdə 55 nəfərdən 123 nəfərə çatıb.

Son beş ildə uşaq autizmi diaqnozu qoyulan oğlanların sayı 1284-dən 2765-ə, qızların sayı isə 340-dan 768-ə yüksəlib. Yaş qrupları üzrə də artım qeydə alınıb. Belə ki, 0–13 yaş qrupunda qeydiyyatda olanların sayı 1227-dən 2726-ya, 14–17 yaş qrupunda 385-dən 749-a, 18 və yuxarı yaş qrupunda isə 12-dən 58 nəfərə çatıb.

Maraqlıdır, autizmə səbəb olan amillər nələrdir? Valideynlər nələrə diqqət etməlidir?

Məsələ ilə bağlı pediatr Elşən Tağıyev Sfera.az-a açıqlama verib.

O bildirib ki, statistikada artım müşahidə olunsa da, bu, epidemik hal deyil:

“Əsas səbəb diaqnostikanın yaxşılaşması, erkən skrininqin geniş yayılması və autizm meyarlarının genişlənməsidir. Uşaqlar əvvəllər gizli qalan hallar indi daha tez aşkarlanır. Autizm əsasən genetik təməllidir. Əkiz uşaqlarda aparılan araşdırmaları göstərir ki, bir əkizdə autizm varsa, digərində bu ehtimal 60-90% arasındadır. Tək bir "autizm geni" yoxdur, yəni yüzlərlə genetik variant, kiçik mutasiyalar riskə gətirib çıxarır . Bununla yanaşı hamiləlik dövründəki amillər(valideyn yaşının böyük olması, hamiləlikdə infeksiyalar, doğuş çətinlikləri, erkən doğulma) əlavə, lakin nisbətən kiçik risk faktorları kimi çıxış edir. Vacib faktı vurğulamaq lazımdır ki, peyvəndlərin autizmlə əlaqəsi dəfələrlə aparılmış böyük miqyaslı tədqiqatlarla rədd edilib”.

Mütəxəssis bildirib ki, valideynlər bir sıra mühüm amillərə diqqət etməlidirlər:

“Erkən əlamətlər adətən 12-24 aylıqda görünür. Məsələn, adına səslənəndə reaksiya verməmək, göz təması qurmaqda çətinlik, işarə etmə, əl yellətmə kimi jestlərin olmaması, nitqin gecikməsi və ya itirilməsi,təkrarlanan hərəkətlər (əl çırpma, yellənmə), adət və rutinlərə həddindən artıq bağlılıq, dəyişikliyə güclü reaksiya əsas diqqəty edilməli amillərdir. Bu əlamətlər müşahidə olunarsa, panik olmaq deyil, vaxtında pediatr və inkişaf mütəxəssisinə müraciət etmək düzgün addımdır. Erkən müdaxilə uşağın sosial və kommunikativ bacarıqlarının inkişafına ciddi töhfə verir. Diaqnoz "son söz" deyil, düzgün dəstəklə uşaqlar öz potensialını tam reallaşdıra bilər”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ