Uşaqlarda uzun müddət davam edən qripin səbəbi nədir? - Həkimdən CAVAB

Payızın gəlişi ilə uşaqlar arasında soyuqdəymə və respirator virus infeksiyalarının yayılması artır.
Xüsusilə məktəb və bağçaların fəaliyyətə başlaması ilə uşaqların bir-biri ilə daha sıx təmasda olması xəstəliklərin yayılmasını sürətləndirir.
Bu dövrdə bəzi valideynlər övladlarının qısa fasilələrlə təkrar-təkrar xəstələnməsindən, burun axması və öskürək kimi əlamətlərin isə həftələrlə davam etməsindən narahat olurlar. Bəzən uşağın bir ay ərzində xəstə olması eyni infeksiyanın uzun çəkməsi kimi qəbul edilir.
Bəs uşağın həftələrlə xəstə görünməsi nə dərəcədə normaldır? Bir ay davam edən simptomlar hansı hallarda adi mövsümi infeksiya ilə əlaqəli ola bilər, nə zaman isə bunun arxasında başqa səbəblər axtarmaq lazımdır? Valideynlər hansı əlamətlərə xüsusi diqqət etməli və hansı hallarda uşağı mütləq həkimə aparmalıdır?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən pediatr Elşən Tağıyev bildirib ki, payız aylarında məktəb və bağçalarda burun axması, burun tutulması, öskürək, boğaz ağrısı və qızdırma ilə müşayiət olunan respirator infeksiyalar artır.
Xüsusilə bağçaya və ya məktəbə yeni başlayan uşaqlarda valideynlər bəzən “Uşağım artıq bir aydır xəstədir” deyə narahat olurlar.
Pediatrın sözlərinə görə, burada vacib məqam uşağın eyni infeksiyanı bir ay keçirməsi ilə bir-birinin ardınca müxtəlif viruslara yoluxması arasındakı fərqdir:

“Adi soyuqdəymənin əlamətləri adətən ilk günlərdə daha güclü olur və əksər hallarda bir həftə ərzində yaxşılaşmağa başlayır. Bununla belə, burun axması və xüsusilə öskürək 10-14 günə qədər davam edə bilər. Bağça və məktəblərdə uşaqların sıx təmasda olması müxtəlif respirator viruslara yoluxma ehtimalını artırır. Uşaq bir infeksiyadan tam sağalmamış digər virusa yoluxduqda simptomlar üst-üstə düşə bilər. Bu isə valideynlərdə uşağın həftələrlə fasiləsiz xəstə olduğu təəssüratı yaradır.
Lakin uzun sürən və ya getdikcə dəyişən simptomları avtomatik olaraq mövsümi virus kimi qiymətləndirmək düzgün deyil. Qızdırma 4 gündən artıq davam edirsə, uşaq əvvəl yaxşılaşıb daha sonra yenidən pisləşirsə, simptomlar 10 gündən çox davam edir və yaxşılaşmırsa, həkim müayinəsi vacibdir.
Nəfəs almaqda çətinlik, həddindən artıq halsızlıq, maye qəbul edə bilməmə, sidiyin azalması, güclü qulaq və ya sinə ağrısı kimi əlamətlər də pediatrik qiymətləndirmə tələb edir. Qızdırma düşdükdən sonra uşağın əvvəlki aktivliyinə qayıtmaması, ayıqlığın azalması və ya ümumi vəziyyətin sürətlə pisləşməsi isə daha ciddi yanaşma tələb edən hallardır”.
E.Tağıyev qeyd edib ki, əllərin düzgün və tez-tez yuyulması, öskürərkən və asqırarkən ağız-burnun örtülməsi, qapalı məkanların yaxşı havalandırılması və tez-tez toxunulan səthlərin təmiz saxlanması respirator virusların yayılmasını azaltmağa kömək edir:
“Uşağın yaşına və risk qrupuna uyğun peyvəndlərin vaxtında aparılması da qorunmanın mühüm hissəsidir. Xəstə uşaq qızdırması olduğu müddətdə və ümumi vəziyyəti yaxşılaşana qədər kollektivə göndərilməməlidir. Uşağın simptomları ümumi olaraq yaxşılaşdıqdan və ən azı 24 saat qızdırmasız qaldıqdan sonra normal fəaliyyətə qayıtması tövsiyə olunur.
Beləliklə, payız-qış mövsümündə uşağın bir neçə dəfə respirator infeksiya keçirməsi mümkündür. Bu səbəbdən “bir aydır xəstədir” kimi görünən vəziyyət bəzən bir-birinin ardınca baş verən bir neçə infeksiya ilə bağlı ola bilər. Lakin uzunmüddətli, ağırlaşan və ya qeyri-adi gedişli simptomları sadəcə mövsümi virusla izah etmək olmaz”.
Firuzə Əliyeva
Sfera.az






