Bəzi dəniz məhsulları təhlükəlidir – Ekspert XƏBƏRDARLIĞI

Bəzi dəniz məhsulları təhlükəlidir – Ekspert XƏBƏRDARLIĞI
Kateqoriya məlum deyil
T

Ölkədə uzun müddətdir ki, qeyri-ənənəvi dəniz məhsullarına tələbat artmaqda davam edir. Osminoq, krevetka, krab, midye və digər bu kimi qidalar artıq bir çox restoranın menyusunda yer alır, həmçinin ixtisaslaşmış mağazalarda satışa çıxarılır. Bununla belə, bu təamlar milli mətbəximizin ənənəvi ağız dadına tam uyğun hesab edilmədiyi üçün bəzi insanlar onlardan imtina edir. Eyni zamanda, həmin məhsulların sağlamlıq üçün zərərli olması ilə bağlı müxtəlif iddialar da səsləndirilir.


Bəs bu iddialar nə dərəcədə doğrudur? Həqiqətənmi zərərli dəniz məhsulları var?


Sfera.az-a mövzu ilə bağlı açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, son illər Azərbaycanda dəniz məhsullarına marağın artması həm qlobal qidalanma trendləri, həm də restoran mədəniyyətinin inkişafı ilə bağlıdır:


“Əvvəllər daha çox Aralıq dənizi və Asiya mətbəxinə aid edilən osminoq, krevetka, krab və midye artıq yerli menyularda da geniş yer tutur. Əslində, dəniz məhsulları yüksək keyfiyyətli zülal mənbəyidir. Tərkibindəki Omega-3 yağ turşuları ürək-damar sağlamlığı, beyin funksiyası və iltihabi proseslərin azalması baxımından olduqca əhəmiyyətlidir. Bu məhsullar həm də vitamin və minerallarla zəngindir: yod qalxanabənzər vəz üçün, sink immun sistemi üçün, selen antioksidant müdafiə, B12 vitamini isə sinir sistemi və qan yaranması üçün faydalıdır”.

 


Bununla belə, qida eksperti xəbərdarlıq edib ki, qabıqlı dəniz məhsulları (midye, krevetka, krab) allergiya, ağır metal (civə, kadmium) yığılması və yüksək toksin tərkibi riski səbəbindən ciddi fəsadlara yol aça bilər:


“Xüsusilə çirkli sulardan yığılan məhsullar kəskin zəhərlənməyə, hətta həyati təhlükəsi olan anafilaktik şoka səbəb ola bilər. Belə qidaların düzgün olmayan istehlakı gələcəkdə insult və xərçəng riskini də artırır. Krevetka, krab və digər qabıqlı məhsullar güclü allergen sayılır. Çox vaxt məhsulun özü deyil, onun hazırlanma forması da təhlükə yaradır. Dərin yağda qızardılmış, həddindən artıq duzlu və souslu dəniz məhsulları artıq sağlam seçim hesab edilmir”.


Fərid Səfərov vurğulayıb ki, qəbul edilən məhsulun miqdarı da önəmlidir:

 

“Dəniz məhsulları avtomatik olaraq zərərli deyil. Əgər etibarlı satış nöqtələrindən alınarsa, həddindən artıq istehlak edilmədən, allergiya və fərdi həssaslıq nəzərə alınmaqla istifadə olunarsa, faydalı ola bilər”.


Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ