Bu qidalar diabet yaradır

Bəzi qidaların gündəlik rasiondan çıxarılması 2-ci tip diabet riskinin azalmasına kömək edə bilər.
Sfera.az xəbər verir ki, Britaniyalı həkim Debora Li uzunmüddətli qidalanma vərdişlərinin qan şəkərinə təsiri ilə bağlı açıqlama verib. O bildirib ki, xüsusilə şirniyyatlar, rafinə olunmuş karbohidratlar (ağ çörək, ağ düyü, şirin səhər yeməyi lopaları), qırmızı və emal olunmuş ət məhsulları, eləcə də duz miqdarı yüksək olan qidalar sağlamlıq üçün ciddi risk yaradır. Həkimin sözlərinə görə, rafinə olunmuş karbohidratların uzun müddət qəbulu insulinə qarşı müqavimətin yaranmasına səbəb olur. Bu zaman hüceyrələr insulinə lazımi reaksiya vermir və nəticədə qanda qlükoza səviyyəsi yüksəlir. Mütəxəssis qeyd edib ki, düzgün və balanslı qidalanmaya keçid bu prosesi geri çevirməyə və diabet riskini azaltmağa kömək edir.
Debora Li riskin azaldılması üçün liflə zəngin qidalara üstünlük verilməsini tövsiyə edir. Onun sözlərinə görə, tam taxıllı çörək və makaron, qəhvəyi düyü, noxud, lobya, mərcimək, şəkərsiz yoqurt, meyvə və tərəvəzlər gündəlik rasionda yer almalıdır. Xüsusilə alma, üzüm, giləmeyvə, ispanaq və kələm kimi məhsulların faydalı olduğu vurğulanıb. Bundan əlavə, ara yeməklərdə duzsuz çərəzlərə və təzə meyvə-tərəvəzə üstünlük verilməsi, doymuş heyvani yağların isə bitki mənşəli yağlarla əvəz edilməsi məsləhət görülür. Mütəxəssis hesab edir ki, qidalanmada edilən bu sadə dəyişikliklər uzunmüddətli perspektivdə 2-ci tip diabet riskinin əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilər.
Niyaz Hacıyev
Sfera.az
