İnsult riskini hansı azaldır – qəhvə, yoxsa çay?

Sağlam həyat tərzi ilə maraqlananların ən çox verdiyi suallardan biri budur: qəhvə daha faydalıdır, yoxsa çay? Hər iki içkinin enerji verməsi, iltihabı azaltması və ürək sağlamlığına müsbət təsiri ilə bağlı iddialar olsa da, yeni araşdırma xüsusilə insult riski baxımından diqqətçəkən nəticələr ortaya qoyub.
Sfera.az xəbər verir ki, mövzu ilə bağlı genişmiqyaslı tədqiqat aparılıb.
32 ölkədə 26 mindən çox insan araşdırılıb
"International Journal of Stroke" jurnalında dərc olunan araşdırma 32 ölkədən, o cümlədən Böyük Britaniya və Kanadadan ümumilikdə 26.950 yetkin insanı əhatə edib. İştirakçıların təxminən yarısı son bir neçə gündə insult keçirmiş şəxslər olub.
Orta yaş həddi 61 olan iştirakçıların əksəriyyəti kişi və artıq çəkili şəxslər olub ki, bu da insult üçün əsas risk faktorlarından sayılır. Tədqiqat çərçivəsində onların tibbi tarixçəsi, qidalanma vərdişləri, fiziki aktivliyi, siqaret istifadəsi və yüksək qan təzyiqi kimi amillər araşdırılıb. Eyni zamanda gündə neçə fincan qəhvə, yaşıl və ya qara çay içdikləri soruşulub.
Gündə 4 fincandan çox qəhvə risk yaradır
Nəticələrə əsasən, gündə dörd və daha çox fincan qəhvə içən şəxslərdə insult riski 37 faiz artıb. Tədqiqatçılar bunu yüksək kofein qəbulunun qan təzyiqini və ürək döyüntüsünü artırması ilə əlaqələndirirlər.
Bunun əksinə olaraq, gündə dörd və ya daha çox fincan çay içənlərdə insult riski orta hesabla 19 faiz azalıb.
Ən aşağı risk qara çayda qeydə alınıb
Araşdırma göstərib ki, qara çay insult riskini 29 faiz, yaşıl çay isə 27 faiz azaldır. Üç və ya daha az fincan qəhvə içməklə insult arasında isə statistik əhəmiyyətli əlaqə aşkarlanmayıb.
Mütəxəssislərin sözlərinə görə, 250 millilitrlik bir fincan qəhvədə təxminən 80–100 milliqram kofein olduğu halda, çayda bu göstərici orta hesabla 50 milliqramdır. Kofein adrenalinin ifrazını stimullaşdıraraq qan təzyiqini və ürək döyüntüsünü artırır. Uzunmüddətli və həddindən artıq qəbul isə beyin damarlarına mənfi təsir göstərərək qan laxtalanması və insult riskini yüksəldə bilər.
Mənsumə
Sfera.az
