Bu vərdişlər ömrümüzü uzadır

Gündəlik həyatınıza əlavə edilən cəmi 5 dəqiqəlik gəzinti ölüm riskini azalda bilər.
Sfera.az xəbər verir ki, bu nəticə "The Lancet" jurnalında dərc olunan və İdman Tibbi professoru Ulf Ekelundun rəhbərlik etdiyi araşdırmada qeyd olunub.
Tədqiqat göstərir ki, təxminən 400 – 500 addım və ya 400 metrlik qısa gəzinti yetkin insanlarda ölüm riskini 10% azaldır. Oturaq həyat tərzi sürənlərdə isə ölüm riskinin azalması 6% olur.
Epidemioloq Miquel Adriano Sanchez-Lastranın sözlərinə görə, ən çox fayda fiziki aktivliyi az olan şəxslərə çatır. Kiçik hərəkət artımları belə onların sağlamlığına böyük təsir göstərir.
Araşdırmaçılar gəzintinin saatda təxminən 5 km sürətlə edilməsini tövsiyə edirlər. 10 – 12 saat oturaq həyat keçirən bir insan gündə cəmi 30 dəqiqə aktivlik əlavə etməklə ölüm riskini 7% azalda bilər.
Uzunömürlülük üzrə mütəxəssis Filippo Onqaro isə bildirir ki, 50 yaşında oturaq həyat sürən bir şəxs iki illik hərəkətsizliyi cəmi iki ay müntəzəm idmanla kompensasiya edə bilər.
Araşdırmalar göstərir ki, ölüm riskini azaltmaq üçün “10.000 addım” kimi sehrli rəqəm yoxdur. Hər min əlavə addım ölüm riskini 15%, ürək-damar xəstəlikləri riskini isə 7% azaldır. 4 – 5 min addım isə uzunömürlülük üçün kifayət qədər başlanğıc hesab olunur.
Ekspertlər tövsiyə edirlər ki, yeməkdən sonra bir az gəzin, gündəlik yürüşünüzü bir qədər uzadın. Əzələ kütləsini qorumaq və aktiv qalmaq sağlam və uzun ömür üçün ən yaxşı sığortadır.
Mənsumə
Sfera.az
