Uşaqlar üçün peyvənd hansı halda risklidir? - MÜTƏXƏSSİS RƏYİ

Uşaqlar üçün peyvənd hansı halda risklidir? - MÜTƏXƏSSİS RƏYİ
Kateqoriya məlum deyil
T

Xəbər verdiyimiz kimi, fevralın 20-də Goranboy rayonunun Yuxarı Ballıqaya kənd sakini, 2025-ci il təvəllüdlü N. Mirzəyevə kənd ərazisində yerləşən tibb məntəqəsində yoluxucu xəstəliklərə qarşı peyvənd vurulub.

 

Ertəsi gün, fevralın 21-də azyaşlının vəfat etdiyi bildirilib. Hadisə qısa müddətdə ictimai müzakirəyə səbəb olub. Son dövrlərdə peyvənddən sonra baş verdiyi iddia edilən ölüm xəbərlərinin artması valideynlər arasında narahatlığı daha da gücləndirib və peyvəndlərə qarşı inamsızlıq müzakirələrini yenidən gündəmə gətirib.

 

Belə hallarda ən çox səslənən suallardan biri peyvəndin bütün uşaqlara eyni qaydada tətbiq olunub-olunmamasıdır. Valideynləri xüsusilə maraqlandıran məqam odur ki, hansı hallarda peyvənd vurdurmaq olmaz, hansı uşaqlarda isə tətbiqi mümkündür. Çünki gündəlik praktikada peyvənd çox vaxt adi prosedur kimi qəbul edilir və bəzən uşağın ümumi vəziyyətinə xüsusi diqqət yetirilmədən həyata keçirilir.

 

Məhz bu kimi hadisələrdən sonra cəmiyyətdə yaranan əsas sual dəyişmir: peyvənd hər uşaq üçün eyni dərəcədə təhlükəsizdirmi və tətbiq qərarı verilərkən fərdi risklər kifayət qədər nəzərə alınırmı?

 

Sfera.az-a bu haqda açıqlama verən səhiyyə eksperti Rasif Bağırovun sözlərinə əsasən, peyvəndlərlə bağlı ölüm hallarının qarşısını almaq üçün peyvənd olunan uşaq mütləq qabaqcadan müayinələrdən keçməli, orqanizmi yoxlanmalıdır:

 

 

“Mütləq bədənində keçirilmiş xəstəliklərin tarixçəsinə baxılmalıdır. Bunlar dəqiqləşdirilməlidir ki, uşaqda gələcəkdə həmin peyvəndlə bağlı hər hansı fəsad yaranmasın. Açığı demək istəyirəm ki, bizdə adətən peyvəndlərlə bağlı uşaqlarda belə bir problem var ki, çox vaxt yoxlamırlar, sadəcə iynəni vurub “vurduq, bitdi” deyirlər. Amma belə olmaz, mütləq lazımdır ki, uşaqlar yoxlanılsın. İkinci tərəfdən, ölən uşağın məhz peyvənddən ölüb-ölmədiyi də dəqiqləşdirilməlidir. Çünki bizdə, sözün düzü, vəfat etmiş şəxslərə çox vaxt autopsiya edilmir, yəni yarılmaya icazə verilmir ki, müəyyənləşdirilsin doğrudan da bu peyvənddən ölüb, yoxsa başqa səbəbdən. Ona görə də görürsən, çox vaxt hadisə ya peyvəndin, ya da digər səbəblərin üstünə atılır və əsas səbəb gizli qalır”.

 

Ekspertin fikrincə, peyvənd vurulduqdan qısa müddət sonra xəstədə həqiqətən ağırlaşma, allergik reaksiya və ciddi problem yaranarsa və ölüm baş verərsə, o zaman səbəb peyvəndlə əlaqələndirilir:

 

“Yox, əgər bir gün peyvənd vurulub, sabah isə heç bir aydın səbəb olmadan xəstə qəfil pisləşibsə, bunu mütləq araşdırmaq, dəqiqləşdirmək lazımdır ki, doğrudanmı peyvənddən ölüb, yoxsa başqa səbəbdən? Bunlar qarşımızda duran və həlli bəzən çətin olan suallardır. Çünki vətəndaşlar çox vaxt yarılmaya icazə vermirlər və nəticədə səbəblər gizli qalır. Amma yenə də peyvənd vurulmamışdan əvvəl uşağın allergik reaksiyalara meyilliliyi yoxlanılmalıdır. Sonra bədəndə gizli iltihabi proses gedə bilər və həkimin xəbəri olmadan peyvənd vurularsa, həmin proses bir qədər güclənib vəziyyəti ağırlaşdıra bilər. Yəni müxtəlif səbəblər ola bilər”.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ