Hamilə qadınlar oruc tuta bilərmi? - MƏSLƏHƏT

Hamilə qadınlar oruc tuta bilərmi? - MƏSLƏHƏT
Kateqoriya məlum deyil
T

Ramazan ayında hamilə qadınları ən çox düşündürən suallardan biri oruc tutmağın mümkün olub-olmamasıdır.


Sfera.az xəbər verir ki, hamiləlik dövründə oruc tutmaq ümumi şəkildə qadağan edilməsə də, bu məsələ hər bir qadın üçün fərdi qaydada qiymətləndirilməlidir. 

 

Bəs tibbi mənbələrdə nə tövsiyə edilir?


Hamiləlik bədənin adi haldan daha çox qida və mayeyə ehtiyac duyduğu xüsusi bir dövrdür. Körpənin inkişafını təmin etmək üçün maddələr mübadiləsi fasiləsiz işləyir və gün ərzində ana orqanizmindən enerji alınır. Bu səbəbdən uzunmüddətli aclıq və susuzluq hamilə qadınlar üçün daha ağır keçə bilər. Qan şəkərinin sürətlə düşməsi, zəiflik, başgicəllənmə və aşağı təzyiq kimi hallar yarana bilər. Xüsusilə gestasion diabet, anemiya, təzyiq problemləri, güclü ürəkbulanma və qusma, çəki artımı, dölün inkişafdan geri qalması və ya çoxdöllü hamiləlik hallarında oruc tutmaq tövsiyə edilmir. Bu vəziyyətlərdə müntəzəm və balanslı qidalanma həm ana, həm də körpə üçün həyati əhəmiyyət daşıyır.


Qeyd edək ki, hamiləliyin ilk üç ayı ən həssas dövr hesab olunur. Orqanların formalaşdığı bu mərhələdə enerji və maye balansının qorunması xüsusi əhəmiyyət kəsb edir. İkinci trimestrdə bəzi qadınlar özlərini daha yaxşı hiss etsələr də, bu, hər kəs üçün uyğun qərar demək deyil. Son aylarda isə maye ehtiyacının artması səbəbindən uzunmüddətli susuzluq vaxtından əvvəl doğuş riskini yüksəldə bilər.


Həkim nəzarəti altında oruc tutmağa qərar verən hamilə qadınlara bir sıra tövsiyələr verilir. Səhurda uzunmüddətli toxluq verən protein və mürəkkəb karbohidratlara üstünlük verilməli, iftarla səhur arasında kifayət qədər su qəbul edilməlidir. İftar zamanı həddindən artıq qida qəbulundan çəkinmək, gün ərzində isə mümkün qədər istirahət etmək məsləhət görülür.


Həmçinin şiddətli zəiflik, başgicəllənmə, huşunu itirmə, ürək döyüntülərinin artması, döl hərəkətlərinin azalması, həddindən artıq susuzluq və ya tünd sidik kimi əlamətlər yarandıqda dərhal oruc dayandırılmalı və həkimə müraciət edilməlidir.


Qeyd edək ki, İslamda sağlamlıq riski olduğu hallarda hamilə qadınlar orucdan azaddır. Buraxılan oruclar daha sonra qəza edilə bilər.


Fidan Hacızadə
Sfera.az

PAYLAŞ