Soyuq hava dərinin düşmənidir: Özümüzü necə qoruyaq?

Qış aylarında dəridə quruluğun artması, çatlama və qıcıqlanma hallarına digər mövsümlərlə müqayisədə daha tez-tez rast gəlinir. Soyuq havalarda dəridə yaranan quruluq çətin bərpa olunur və onun simptomları, xüsusən də həssas dəridə daha aydın görünməyə başlayır.
Bəs soyuq havada dəri sağlamlığımızı qorumaq üçün nə edilməlidir?
Sfera.az bildirir ki, Türkiyə mediasına açıqlama verən Dr. Aygün Talıbovanın sözlərinə görə, soyuq havada dəridəki qan damarlarında daralma baş verir və bu, dərinin özünü bərpa sürətini azaldır. Həkim qeyd edib ki, buna görə qış aylarında dəridə daha yavaş sağalma müşahidə edilir:
"Dəri daha tez çatlayır, qıcıqlanmalar daha asan baş verir. Atopik dermatit, seboreik dermatit, rozasea (gül xəstəliyi) və ürtiker (pəpənək) kimi dəri xəstəlikləri olan insanlar soyuq havadan daha çox təsirlənirlər. Bu təsirlər əllərini tez-tez yuyanlarda və yaşlı insanlarda daha aydın görünür".
Mütəxəssis bu səbəbdən tövsiyə edib ki, soyuq hava şəraitində dərini müntəzəm nəmləndirmək çox vacibdir:
Zərif təmizləyicilərdən istifadə etmək;
Çox isti və ya çox soyuq su ilə təmasdan qaçmaq;
Bərpaedici nəmləndiriciləri müntəzəm tətbiq etmək.
Bu vasitələr dərini soyuq havanın mənfi təsirlərindən etibarlı şəkildə qoruyur.
Mənsumə Məmmədova
Sfera.az
