Yaşlanmanın qarşısını almaq mümkündür - YENİLİK

Yaşlanmanın qarşısını almaq mümkündür - YENİLİK
Kateqoriya məlum deyil
T

Son illər tibb elmində sürətlə inkişaf edən “gerontologiya” sahəsi yaşlanmanın qaçılmaz bir proses olmadığını göstərib. Araşdırmalara görə, düzgün həyat tərzi və bəzi tibbi yanaşmalar vasitəsilə insanın bioloji yaşını azaltmaq, sağlam ömrünü isə 10-15 il uzatmaq mümkündür.


Sfera.az Türkiyənin “Hürriyet” nəşrinə istinadən xəbər verir ki, yaş artdıqca hüceyrələrdə zədələnmələr toplanır və orqanizmdə xroniki iltihab yaranır.

 

Bu isə xərçəng, demensiya və ürək-damar xəstəliklərinin əsas səbəblərindən sayılır. 2024-cü ildə aparılan tədqiqatda iltihabı artıran IL-11 molekulunu bloklayan dərmanın siçanların ömrünü 25 faiz uzatdığı müəyyən edilib və artıq bu istiqamətdə dərman hazırlanması üzərində iş aparılır.


Alimlər, həmçinin diabet üçün hazırlanmış bəzi preparatların infarkt və insult riskini təxminən 20 faiz azaltdığını açıqlayıblar. Onların fikrincə, bu tip preparatlar gələcəkdə uzunömürlülük müalicəsinin əsas hissəsinə çevrilə bilər.


Araşdırmaçılar yalnız nəzəriyyə ilə kifayətlənməyib, özləri də bu üsulları tətbiq ediblər. Bəzi alimlər immun sistemini “cavan” saxlamaq üçün rapamisin qəbul edir, digərləri isə aşağı dozada litiumun beyin sağlamlığına müsbət təsir göstərdiyini bildirirlər. Metformin preparatının isə bioloji yaşı geri çevirə biləcəyi qeyd olunur.
Uzunömürlülük üzrə mütəxəssislər dərmanlarla yanaşı həyat tərzinin həlledici rol oynadığını vurğulayıblar.

 

Tövsiyələrə görə:


Qidalanma vaxtının məhdudlaşdırılması və kalorinin azaldılması hüceyrə yenilənməsini sürətləndirir;
Həftədə ən azı iki dəfə güc məşqi və gündə 8 min addım atmaq erkən ölüm riskini azaldır;
Fermentləşdirilmiş qidalar bağırsaq mikrobiomunu yaxşılaşdırır;
D vitamini əlavəsi infeksiya və yıxılma riskini azalda bilər;


Müntəzəm tibbi müayinələr xəstəlikləri erkən mərhələdə aşkar etməyə imkan verir.


Mütəxəssislər qeyd ediblər ki, hələlik “möcüzəvi cavanlıq həbi” mövcud deyil. Lakin elmi əsaslı profilaktika, düzgün qidalanma, yuxu və fiziki aktivlik sayəsində insanın sağlam həyat müddətini əhəmiyyətli dərəcədə uzatmaq artıq real hesab olunur.

 

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ