Bu şəraitdə telefondan istifadə təhlükəlidir – Xəbərdarlıq

Son illər gecə saatlarında telefondan istifadə insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Yatmazdan əvvəl sosial şəbəkələrə baxmaq, mesaj yazmaq və ya video izləmək adi vərdiş sayılsa da, mütəxəssislər bunun sağlamlıq üçün ciddi risklər yaratdığını bildirib.
Sfera.az xəbər verir ki, həkimlərin sözlərinə görə, qaranlıq otaqda parlaq ekrana baxmaq göz bəbəyinin həddindən artıq genişlənməsinə səbəb olur və bu zaman güclü işıq birbaşa torlu qişaya düşür.
Nəticədə gözlər daha tez yorulur, quruluq və yanma hissi yaranır, bulanıq görmə və baş ağrıları müşahidə edilir. Uzun müddət davam edən hallarda isə “rəqəmsal göz yorğunluğu” formalaşır.
Mütəxəssislər bildirib ki, problem təkcə gözlərlə məhdudlaşmır. Telefon ekranından yayılan mavi işıq yuxu rejimini tənzimləyən melatonin hormonunun ifrazını azaldır. Bu səbəbdən insanın yuxuya getməsi gecikir, yuxu səthi olur və gecə ərzində tez-tez oyanmalar baş verir. Səhər saatlarında yorğunluq, halsızlıq və diqqət zəifliyi də məhz bununla əlaqələndirilir.
Nevroloqlar qeyd edir ki, qaranlıqda telefon istifadə edən zaman beyin ekran işığını gündüz siqnalı kimi qəbul edir və aktiv qalır. Bu isə stress hormonlarının artmasına, əsəbilik, narahatlıq və diqqət dağınıqlığına gətirib çıxarır. Uzun müddətdə yaddaş zəifləməsi və xroniki yuxusuzluq riski də yüksəlir.
Həkimlər sağlamlıq problemlərinin qarşısını almaq üçün yatmazdan ən azı bir saat əvvəl telefondan istifadəni dayandırmağı, qaranlıq mühitdə ekrana baxmamağı, mavi işıq filtrini aktiv etməyi və ekran parlaqlığını minimuma endirməyi tövsiyə edir.
Mütəxəssislərin fikrincə, sadə görünən bu vərdiş davamlı olduqda həm görmə qabiliyyətinə, həm də sinir sisteminə mənfi təsir göstərərək həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı sala bilər.
Bəsti Rəfizadə
Sfera.az
