Arıqlama çayı və qəhvələri ciddi xəstəliklər yaradır - XƏBƏRDARLIQ

Arıqlama çayı və qəhvələri ciddi xəstəliklər yaradır - XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
T

Ənənəvi pəhriz üsullarına alternativ kimi təqdim olunan arıqladan çaylar və qəhvələr son illər xüsusilə sosial şəbəkələrdə geniş şəkildə reklam olunur. Qısa zamanda çəki atmaq və iştahanı azaltmaq vədi ilə satılan bu məhsullar cəmiyyət arasında ciddi maraq doğurur.

 

Lakin onların real təsiri və sağlamlığa mümkün riskləri ilə bağlı suallar da getdikcə artır.

 

Arıqladan çaylar və qəhvələr həqiqətən çəki itirməyə kömək edirmi? Sağlamlığa mümkün zərərləri nələrdir?

 

Sfera.az-a bu barədə açıqlama verən diyetoloq Ləman Süleymanova müasir cəmiyyətimizin ən qlobal problemlərindən birinin piylənmə olduğunu deyib. Onun fikrinə əsasən, piylənmə o qədər geniş yayılıb ki, demək olar, dünya əhalisinin yarıdan çoxu bu problemdən əziyyət çəkir:

 

 

“Ən çox maraq doğuran mövzular üzrə isə işbazlar daha aktiv və planlı şəkildə çalışırlar. Çünki artıq çəki insanların ən həssas psixoloji nöqtəsidir. İnsan yeyir-yeyir, fərqinə varmır, düzgün həyat tərzi keçirmir. Əvvəl 3-5 kiloqram artıq çəkisi olur, sonra bu rəqəm 10, 15, 20, 25 kiloqrama qədər artır. Bir müddət sonra insanların replikaları, iradları və atmacaları onu qəflət yuxusundan oyadır. Psixoloji aləmdə buna “psixoloji oyanıqlıq” deyilir. İnsan aynaya baxır, özünü tanımır və deyir: “Bu nə deməkdir, bu nə vəziyyətdir?” Və tez bir zamanda bu piylərdən azad olmaq istəyir. Yəni illərlə fərqinə varmır, amma birdən-birə psixoloji oyanıqlıq baş verir və çəkidən qurtulmaq istəyi yaranır. Məhz bu həssaslıqdan istifadə edən işbazlar bu dietologiya sferasında böyük bir mafiya qrupları formalaşdırıblar”.

 

L.Süleymanova arıqladıcı çayların və kokteyllər – bunların hamısının zərərli olduğunu qeyd edib:

 

“Tərkibində narkotikə bənzər maddələr var ki, insanın hüceyrə sistemini və strukturunu demək olar ki, məhv edir. Qaraciyərə, mədəaltı vəzə o qədər ağır zərbə vurur ki, bu, bütün daxili orqanların fəaliyyətinə təsir göstərir. Məsələn, hazırda arıqlama iynələri var və bunu mütləq qeyd etmək lazımdır. Təəssüflər olsun ki, qeyri-peşəkar insanlar tərəfindən təyin edilən bu arıqlama iynələrinin tərkibində olduqca qorxulu maddələr mövcuddur. Bu maddələr kişilərdə sonsuzluq yarada, cinsi fəaliyyəti azalda, qadınlarda isə ginekoloji problemlərə və yumurtalıqların fəaliyyətinin ciddi şəkildə pozulmasına səbəb ola bilər. Buna görə də insan mütləq sağlam şəkildə, ilk növbədə düzgün qidalanmalıdır”.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ