Yanlış müdaxilə uşaq ölümünə gətirib çıxara bilər - Pediatrdan AÇIQLAMA

Cəlilabadda 6 aylıq körpənin vurulan iynədən sonra vəfat etməsi yenidən tibbi müdaxilələrin təhlükəsini gündəmə gətirib. Valideynlərin iddiasına görə, körpənin vəziyyəti iynədən dərhal sonra kəskin şəkildə pisləşib. Bu isə son aylarda ölkədə oxşar hadisələrin artması fonunda narahatlığı daha da gücləndirir.
Hadisə ilə bağlı Sfera.az-a danışan pediatr Elşən Tağıyev bildirib ki, bu cür ölüm halları müəyyən səhvlərin və gecikmiş tibbi müraciətlərin nəticəsi olaraq baş verir. Pediatrın sözlərinə görə, valideynlərin ən böyük səhvlərindən biri xəstə uşağı günlərlə ev şəraitində müalicə etməyə çalışmaqdır.
Uşağın vəziyyəti getdikcə ağırlaşdıqdan sonra isə onu xəstəxanaya gətirirlər və bu zaman tibbi müdaxilənin effektivliyi xeyli azalır:
“Uşaq bir neçə gün temperaturla, öskürəklə və ya nəfəs darlığı ilə evdə saxlanır. Vəziyyət ağırlaşanda gətirilir. Biz müdaxilə edəndə xəstəlik artıq ağır mərhələdə olur və nəticədə fəsadlar, hətta ölüm halı belə yaşana bilir. Xüsusilə 1 yaşa qədər olan körpələrdə vəziyyət çox sürətlə dəyişir və gecikmə həyati təhlükə yaradır”.
E.Tağıyev vurğulayıb ki, bəzi hallarda uşağa vurulan iynə dərhal allergik reaksiyanın yaranmasına səbəb ola bilər. Bu, tibbdə anafilaktik şok adlanır və sürətlə inkişaf etdiyi üçün çox təhlükəlidir.
“Anafilaksiya saniyələr içində baş verə bilər. Bu reaksiya ən çox antibiotik iynələrindən sonra müşahidə olunur. Ona görə də həkim mütləq uşağın allergiya tarixçəsini bilməlidir: ailədə allergiyası olan varmı, uşaq əvvəllər hansı dərmanlara necə reaksiya verib, bunlar soruşulmadan inyeksiya etmək düzgün deyil. Bəzi allergik reaksiyalar heç vaxt əvvəlcədən bilinmir. Yəni uşaq daha əvvəl normal dözdüyü bir dərmana növbəti dəfə ağır reaksiya verə bilər”. Pediatrın tənqid etdiyi məsələ isə ev şəraitində icra olunan inyeksiya və sistemlərdir. Onun sözlərinə görə, valideynlər arasında belə yanlış fikir formalaşıb ki, uşaq sağalmaq üçün mütləq iynə vurulmalıdır. “Evdə vurulan iynələr nəzarətsizdir, reaksiyalar baş verdikdə müdaxilə üçün şərait yoxdur. Bir çox valideyn düşünür ki, uşaq sağalmaq üçün sistem vurulmalıdır. Bu, tam yanlışdır. Müasir tibbdə əksər xəstəliklərin müalicəsi siroplar, tabletlər və damcılarla da effektiv şəkildə aparılır. İynə yalnız ciddi tibbi göstəriş olduqda və mütləq xəstəxana şəraitində, həkim nəzarəti altında tətbiq olunmalıdır. Çünki ağır reaksiya baş verdiyi anda tibbi cihazlar və təcili müdaxilə imkanları lazımdır”.
Mütəxəssisin sözlərinə görə, düzgün müayinə və laborator analizlər inyeksiyanın zəruriliyini müəyyənləşdirən ən vacib addımlardır:
“Hər uşağa iynə təyin etmək olmaz. Əvvəlcə qan analizləri, iltihab göstəriciləri, allergiya riski araşdırılmalıdır. Əks halda həkim xəstənin ümumi vəziyyətini tam bilmədən iynə tətbiq etmiş olur və bu, gözlənilməz, faciəli nəticələr verə bilər. Valideynlərin səhv gözləntiləri, gecikmiş müraciətlər, eləcə də təhlükəli ev prosedurları həm həkimlər, həm də pasiyentlər üçün risk yaradır. Uşağın vəziyyəti ağırdırsa və iynəyə ehtiyac varsa, müalicə yalnız xəstəxanada aparılmalıdır. Əgər bu qaydalara əməl etsək, həm fəsadlar, həm də bu cür ağır nəticələr minimuma enər”.
Bəsti Rəfizadə
Sfera.az
