Günün ən vacib qidalanma mərhələsi BUDUR

Səhər yeməyi günün ən vacib qidalanma mərhələlərindən biri hesab olunur.
Sfera.az xəbər verir ki, səhər vaxtı qəbul edilən balanslı qida bədənin enerji ehtiyacını təmin edir, maddələr mübadiləsini aktivləşdirir və gün ərzində məhsuldarlığı artırır. Yuxudan sonra qan şəkərinin səviyyəsi aşağı olur və beynin düzgün işləməsi üçün qida maddələrinə ehtiyac yaranır. Səhər yeməyi bu boşluğu doldurduğu üçün yaddaş, diqqət və konsentrasiya kimi idrak funksiyalarının daha səmərəli işləməsinə şərait yaradır. Səhər yeməyi etməyən insanlarda gün ərzində yorğunluq, əsəbilik və diqqət dağınıqlığı daha çox müşahidə olunur.
Zülal, lif, kompleks karbohidrat və sağlam yağlar ehtiva edən səhər yeməyi hormon balansını qoruyur, xüsusilə insulin səviyyəsinin stabilləşməsinə kömək edir. Mütəmadi səhər yeməyi həmçinin maddələr mübadiləsini sürətləndirdiyi üçün artıq çəki riskini azaldır. Səhər yeməyi ürək-damar xəstəliklərinin riskini aşağı sala bilər.
Çünki səhərin boş mədə ilə keçirilməsi kortizol hormonunun artmasına səbəb olur və bu da zamanla qan təzyiqinə və ürək sağlamlığına mənfi təsir göstərə bilər. Səhər yeməyi 20-30 dəqiqədən çox gecikdirilməsin və enerji verən, lakin ağır olmayan məhsullar seçilsin. Xüsusilə yumurta, yulaf, pendir, meyvə, çörəyin tam taxıllı növləri və qoz-fındıq kimi qidalar sağlam başlanğıc üçün ideal hesab olunur. Qeyd edək ki, səhər yeməyi təkcə günə başlamaq üçün enerji vermir, həm də uzunmüddətli sağlamlığın qorunmasında vacib rol oynayır. Bu səbəbdən səhərin ilk saatlarında müntəzəm və balanslı qidalanmaq hər yaş qrupu üçün tövsiyə olunur.
Niyaz Hacıyev
Sfera.az
