Havanın normaya uyğun olmaması psixologiya mənfi təsir edir - AÇIQLAMA

Artıq dekabr ayı yaxınlaşır və qış mövsümünə adım atarkən havaların normadan isti keçməsi müşahidə olunur. Bu cür qeyri-adi hava şəraiti yalnız təbiətə deyil, insan psixologiyasına da təsir göstərə bilər.
Havanın gözlənilməz istiliyi insanların əhval-ruhiyyəsi, yuxu rejimi və gündəlik fəaliyyətlərinə birbaşa təsir edə bilər.
Neyropsixoloq Aytəkin Aslan Sfera.az-a açıqlamasında bildirib ki, beynin dili ilə havanın ritmi arasında görünməz bir harmoniya var. Onun sözlərinə görə, düşüncələrin dili havanın ritmi ilə ahəng tutanda, insanın daxilində sakitlik yaranır:

“Qış yaxınlaşsa da, havaların normadan isti keçməsi sanki təxirə salınmış bir melodiyanın yenidən çalınması kimidir. Bu zaman beynin sirkadiyal ritmləri və hormonal dövranı bu qeyri-adi havaya uyğunlaşmağa çalışır. Hipotalamus, prefrontal korteks və amigdala arasında görünməz bir dialoq başlayır: melatonin və kortizol ritmləri dəyişir, serotonin–dopamin balansı oynayır, diqqət və emosional tənzimləmə dalğalanır. Belə isti qış günləri təkcə komfort hissini deyil, həm də idrak performansını, emosional stabilliyi və sosial davranış mexanizmlərini sınağa çəkir. Hər qeyri-adi isti gün beynin sükutu ilə hisslərin danışığı arasında yeni bir sətir yazır. Qışa doğru temperaturun normadan yüksək olması beynin mövsümi ritmlərə uyğunlaşmasını çətinləşdirir və psixoloji balansda müxtəlif dəyişikliklər yaradır. Bioloji saat gün işığına, temperatur dalğalanmasına və mövsümlərin ahənginə bağlı olduğu üçün bu ritmin pozulması emosional, idrak və davranış səviyyəsində təsirlərə səbəb olur”.
Psixoloqun fikrincə, isti havalar melatonin, kortizol və serotonin kimi əsas hormonların ritmini dəyişdirdiyinə görə əhval-ruhiyyə dalğalanmaları, yuxu pozuntuları və enerji səviyyəsində qeyri-sabitlik yarada bilər:
“Bədəndə simpatik sinir sisteminin daha çox aktivləşməsi anksiyete hissini artırır; sürətlənmiş nəfəs və tezləşmiş ürək döyüntüsü beyin tərəfindən təhlükə siqnalı kimi qəbul edildiyi üçün insan özünü səbəbsiz gərgin və narahat hiss edə bilər”.
Müsahibimiz qeyd edib ki, normadan isti temperatur beynin idrak mərkəzlərinə də təsir edir:
“Nəticədə diqqət azalır, fokus saxlamaq çətinləşir, yaddaş yüklənir və qərarvermə prosesi ləngiyir. Bu, frontal payların istiliyə daha həssas olması və bədənin enerjisinin bir hissəsinin idrak proseslərindən termoregulyasiyaya yönəlməsi ilə bağlıdır. Mövsümə uyğun olmayan isti hava serotonin–dopamin balansını pozaraq motivasiya dalğalanmalarına, emosional reaktivliyin artmasına, sosial geriçəkilməyə və həm yorğunluq, həm də səbəbsiz həddindən artıq enerji hissi kimi qarışıq emosional vəziyyətlərə səbəb ola bilər”.
A.Aslan vurğulayıb ki, temperatur dəyişikliyi ağrı modulyasiya sistemini də həssaslaşdırır:
“Baş ağrıları, əzələ gərginliyi, bədəndə somatik narahatlıq hissi və ürəkbulanma kimi şikayətlərin artması bu neyrobioloji mexanizmlə əlaqələndirilir. Sosial davranış səviyyəsində isə emosional inhibisiyanın zəifləməsi səbəbindən qıcıqlanma, dözümsüzlük və konfliktə meyillilik daha tez üzə çıxa bilir”.
Psixoloqun sözlərinə görə,qışa doğru havaların normadan isti keçməsi təkcə iqlim dəyişikliyinin bir əlaməti deyil, həm də beynin hormon tənzimlənməsi, emosional nəzarət, idrak performansı və sosial davranış mexanizmlərini pozan ciddi neyropsixoloji uyğunsuzluq yaradır. Bu təsirlərin fərqində olmaq psixoloji sağlamlığın qorunması və mövsümi dəyişikliklərə uyğun davranış strategiyalarının seçilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Niyaz Hacıyev
Sfera.az
