Kosmetologiyada endirim oyunu - Pasientlər nələrə diqqət etməlidir? - AÇIQLAMA

Kosmetologiyada endirim oyunu - Pasientlər nələrə diqqət etməlidir? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

"Qara Cümə" kampaniyaları artıq təkcə mağazalar və onlayn satış platformaları ilə məhdudlaşmır. Son illər güzəştlər kosmetologiya sahəsində də özünü qabarıq şəkildə göstərir. Bir çox estetik mərkəzlər və klinikalar bu günə özəl olaraq xidmətlərdə ciddi endirimlər elan edir. Buraya həm dəriyə qulluq prosedurları, həm aparat kosmetologiyası, həm də injeksiya xidmətləri daxildir. Məsələn, ən çox seçilən botoks, dolğu, pilinq, lazer epilyasiya, karbon təmizləmə və cavanlaşdırma prosedurlarında standart qiymətlərlə müqayisədə kəskin fərqlər müşahidə olunur.

 

Xanımlar bu sahədə nələrə diqqət etməlidir? Aşağı qiymət xidmətin keyfiyyətinə və təhlükəsizliyinə təsir göstərə bilərmi?

 

Sfera.az-a bu barədə açıqlama verən kosmetoloq doktor Çinarə Kərimova kosmetoloji xidmətlərdə elan olunan böyük endirimlərin əksəriyyətinin real olmamasının mümkün olduğunu bildirib. 


"Adətən reklam olunur ki, guya 400 manatlıq prosedur endirimlə 150 manata təklif olunur. Lakin pasient bu prosedurun əslində əvvəl neçə manata olduğunu bilmir, çünki klinika və ya kosmetoloq bu barədə şəffaf məlumat təqdim etmir. Bəzən isə başqa bir halla qarşılaşırıq: məsələn, preparatın real qiyməti 150 manatdır, lakin “şok endirim” adı altında 50 manata təklif olunur. Reklamdan belə başa düşülür ki, əvvəlki xidmətlə eyni həcmdə prosedur tətbiq olunacaq. Amma əslində fərq preparatın miqdarında olur. Əgər endirimsiz halda xəstəyə 3 ml tətbiq edilirdisə, endirim zamanı həmin məbləğə yalnız 1 ml istifadə olunur”.

 

Kosmetoloq əlavə edib ki, nəticədə pasient həm xidmətin ilkin qiyməti, həm də tətbiq olunan preparatın real həcmi barədə məlumatlı olmur:

 

“Bu isə yanlış gözlənti yaradır və “böyük endirim” görüntüsü ilə manipulyasiya edilməsinə səbəb olur. Belə halların qarşısını almaq üçün klinikaların prosedur qiymətlərini, tətbiq olunan preparatın adını və dəqiq həcmini əvvəlcədən açıq şəkildə göstərməsi vacibdir. Pasientlər də endirimli xidmətləri seçərkən mütləq olaraq bu məlumatları soruşmalı və şəffaflıq tələb etməlidirlər”.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ