Kifli pendirin iki üzü: Bahalıda dad, ucuzda zəhər olur

Azərbaycanda bir ailənin pendirdən zəhərlənməsi hadisəsi ictimaiyyət arasında ciddi narahatlıq yaradıb. Bu xəbər həm pendirlərin keyfiyyəti, həm də saxlanma və istehlak qaydaları ilə bağlı sualları yenidən gündəmə gətirib. Hadisənin fonunda insanların beynində yaranan maraqlı suallardan biri də budur: dünyada, xüsusilə də Fransada kiflənmiş pendirlər yüksək qiymətə satıldığı halda, niyə ev şəraitində kif atan pendir təhlükəli hesab olunur? Bahalı pendirlərdəki kif necə olur ki, zərərsiz və hətta dadverici rol oynayır?
Bu mövzu ilə bağlı Sfera.az saytına danışan qida eksperti Fərid Səfərov bildirdi ki, burada əsas məqam təsadüfi şəkildə kif atan pendir ilə xüsusi şəkildə yetişdirilən kifli pendirin tamamilə fərqli olmasıdır.
Onun sözlərinə görə, xarab kiflə pendir kifi eyni şey deyil və onların insana təsiri də fərqlidir.
“Evdə və ya mağazada öz-özünə kif atan pendirdə hansı növ mikroorqanizmin yarandığı bilinmir. Bu səbəbdən belə məhsulu yemək son dərəcə təhlükəlidir. Bu tip kiflər toksin istehsal edə bilər və ciddi zəhərlənməyə, hətta ölümə səbəb ola bilər. Bu səbəbdən öz-özünə kif atan pendiri “fransız pendiri” kimi qəbul edib yemək olmaz”.
Ekspert bahalı kifli pendirlərdə istifadə edilən kif növlərinin tamamilə təhlükəsiz, laborator şəraitində seçilmiş mikroorqanizmlər olduğunu qeyd etdi:
“Nəzarət altında yetişdirilən pendirlərdəki kif növləri toksin istehsal etmir. Onlar məhsulun içinə bərabər şəkildə yayılır, xüsusi texnologiya ilə yetişdirilir və qida təhlükəsizliyi testlərindən keçir. Yəni hər görünən kif eyni deyil, təhlükə onun hansı növə aid olmasındadır”.

Fərid Səfərov mağazada və ya evdə xarab olub kif atan pendirdə riskin yalnız görünən kiflə məhdudlaşmadığını bildirdi. Onun sözlərinə görə, belə pendirlərdə həm də çoxsaylı bakteriyalar və toksinlər əmələ gəlir:
“Evdədə və ya mağazada öz-özünə kif atan pendirin tərkibində təhlükəli mikroorqanizmlər ola bilər. Bu tip məhsullarda elə bakteriyalar yaranır ki, insan orqanizmi üçün son dərəcə zərərlidir. Onların istehlakı ciddi zəhərlənməyə gətirib çıxarır. Azərbaycandakı zəhərlənmə hadisəsi təkcə kiflə deyil, bakteriya ilə bağlı ola bilər. Zəhərlənməyə pendirin düzgün saxlanmaması, rütubət və temperaturun pozulması, çiy süddən hazırlanması, qablaşdırma zamanı gigiyenik uyğunsuzluqlar, daşınma zəncirində nasazlıqlar və məhsulun son istifadə tarixinin keçməsi səbəb ola bilər. Bu hallarda əsas təhlükə kif deyil, bakterial zəhərlənmədir”.
Ekspert bildirib ki, istehlakçılar pendir alarkən diqqətli olmalı, məhsulun görünüşü, qoxusu, rəngi, qablaşdırması və son istifadə tarixi mütləq yoxlanmalıdır:
“Məhsul aldıqda onun qablaşdırmasına, saxlanma şəraitinə və etiketinə diqqətlə baxın. Ev şəraitində pendir hazırlayırsınızsa, bütün prosesi gigiyena qaydalarına uyğun edin. Qida təhlükəsizliyi həm sağlamlıq, həm də həyat məsələsidir”.
Bəsti Rəfizadə
Sfera.az






