Oktyabrın 3-ü Ümumdünya Alkoqolizmlə Mübarizə Günüdür

Oktyabrın 3-ü Ümumdünya Alkoqolizmlə Mübarizə Günüdür

3 Oktyabr Ümumdünya Alkoqolizmlə Mübarizə Günüdür. 

 

Sfera.az bildirir ki, Ümumdünya Alkoqolizmlə Mübarizə Günü XIX əsrdə ABŞ-də həyatını sərxoşluqla mübarizəyə həsr edən ictimai xadim Con Finçin xatirəsinə həsr edilib.

 

Həmin gün heç bir beynəlxalq təşkilat tərəfindən təsis edilməsə və rəsmi status daşımasa da, həkimlər və sosial işçilər ictimaiyyətin diqqətini alkoqol qəbul etməyin və onun doğurduğu problemlərin nəticəsinə cəlb etməyə çalışırlar.

 

Alkoqoldan istifadəyə vadar edən müxtəlif səbəblər kimi yorğunluğu çıxarmaq, depressiyadan xilas olmaq, özündə xoş əhvali-ruhiyyə yaratmaq, ovqatı yüksəltmək və sair göstərilir. Lakin alkoqolun mütəmadi istifadəsi orqanizmin ondan asılılığına səbəb olur.

 

Spirtli içkilərə həddən artıq aludəlik 200-dən çox xəstəliyin yaranmasının başlıca faktorudur. Müntəzəm olaraq içki içən kişilərin təxminən üçdəbir hissəsi impotensiyadan əziyyət çəkir, qadınlarda reproduktiv funksiyanın fəaliyyəti zəifləyir, onların dünyaya gətirdiyi uşaqlar ağır qüsurlarla və ya ölü doğulur. Uzun müddət və müntəzəm olaraq çoxlu spirtli içki qəbul edəndə arterial təzyiqin yüksəlməsi, stenokardiya və miokard infarktının baş verməsi və həmin xəstəliklərin ağır keçməsinə daha çox rast gəlinir. Mədə-bağırsaq, xüsusilə qaraciyər, tənəffüs, mərkəzi sinir və endokrin sistemi xəstəlikləri zamanı spirtli içki qəbul etmək müalicənin səmərəsini heçə endirir.

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, son 10 ildə akoqolizm və alkoqol psixozu diaqnozu ilə qeydə alınan xəstələrin sayında azalma müşahidə olunur. Belə ki, 2013-cü ildə alkoqolizm və alkoqol psixozu xəstəsi kimi tibb müəssisələrində qeydiyyatda 880 nəfər olduğu halda, 2023-cü ildə bu rəqəm 600 olub. 2013-cü ildə hər 100 min nəfərə düşən xəstə sayı 9,5, 2023-də isə 6 nəfər olub. Tibb müəssisələrində bu xəstəliklə qeydiyyatda olan xəstələrin də sayı azalıb. Belə ki, 2013-cü ildə 21 min 600 nəfər qeydiyyatda olub, 2023-cü ildə isə bu rəqəm 9 min 600-ə enib. 

 

Qeyd edək ki, Azərbaycanda ən çox istehsal olunan spirtli içki pivədir. Statistikaya görə, ötən il  5,26 milyon dkl (10 litr – red.) pivə, 1,44 milyon dkl araq istehsal olunub.Həmçinin qeyd etmək lazımdır ki, zərərləri üstələməsə də, elmi-tibbi baxımdan spirtli içkilərdən biri olan arağın tərkibinə görə müəyyən faydalarının olması da sübut olunub. 

 

Belə ki, digər alkoqol içkilərinə nisbətən araq stressi, gərginliyi daha tez və yaxşı götürür. Araqda olan 40% spirt mikrob və zərərli bakteriyaların olduğu zülalları çevirmək qabiliyyətinə malikdir. Arada az miqdarda təmiz araq içmək qan dövranını yaxşılaşdırır, damarlarda tromb əmələ gəlməsini əngəlləyir. Bu isə ürək-damar problemləri üçün xeyirlidir. Araq qanda şəkərin tənzimlənməsinə kömək edir. Mövsüm virus xəstəlikləri, qrip, soyuqdəymədə ilk başda bir qədəh arağa bir az qırmızı istiot səpib içmək, bogazı və burunu dezinfeksiya etmək əla effekt verir.

 

Təbii ki, Ümumdünya Alkoqolizmlə Mübarizə Günündə bu bəndləri saymaqla fikrimiz sizi spirtli içkiyə bağlamaq deyil. Lakin necə deyərlər, bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da.  Artıq içiləndə su da zərər verdiyi kimi, az və yerində içiləndə araq da fayda verə bilər. Sağlam qalın!

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR