Qucaqlaşmağın insan sağlamlığına olan möcüzəvi FAYDALARI
Qucaqlaşmaq insan sağlamlığına müsbət təsir edir.
Sfera.az xəbər verir ki, bu barədə Britaniya alimləri araşdırma aparıblar.
Birini qucaqladıqda bədəndə baş verən fiziki və kimyəvi proseslər insanın özünü əvvəlkindən daha yaxşı hiss etməsinə səbəb olur. Həmçinin qan təzyiqini nəzarətdə saxlayır və onun yüksəlməsinin qarşısını alır.Aparılan tədqiqatlar narahatlıq, qayğı, kədər, qorxu kimi hisslərin qucaqlaşmaqla aradan qalxdığını üzə çıxarıb. Qucaqlaşmaq ürək döyüntlərini sürətləndirməklə qan dövranını stimullaşdırır.
Sevdiyimiz birini qucaqladığımızda bədənimiz “oksitosin” ifraz etməyə başlayır. Sağlamlıq baxımından bədənimizə böyük təsiri olan oksitosin həm kişilərdə, həm də qadınlarda immunitet sistemini gücləndirir.İmmuniteti güclənən orqanizm xəstəliklər və infeksiyalarla daha asan mübarizə aparır.
Qucaqlaşmaq ürək sağlamlığımız üçün də faydalıdır. Araşdırmalar göstərib ki, qucaqlaşma zamanı ifraz olunan oksitosin ürək xəstəlikləri riskini azaldır. Qucaqlaşmaq ağrıya qarşı müqaviməti də gücləndirir.
Qucaqlaşma zamanı ifraz olunan oksitosin hormonu insanları daha müsbət düşünməyə istiqamətləndirir. Bu, bizə daha sakit qalmağa və gündəlik həyatımızda qarşılaşdığımız neqativlərə qarşı stress keçirməməyə imkan verir. Beləliklə, qucaqlaşma hərəkəti depressiya və əsəbilik kimi psixi problemlərin qarşısını alır. Sevdiyimiz birini qucaqlamaq, özümüzü daha xoşbəxt və dinc hiss etməyimizə kömək edir.
Ülkər Abdurahmanlı