Ulduz Selin Dionu aciz qoyan, sağalmaz XƏSTƏLİK: Simptomları nədir və kimlər risk altındadır?
Son günlər kanadalı müğənni Selin Dionun xəstəliyi (əzələ sərtliyi sindromu) gündəmi zəbt edib. Bəzi mənbələrdə bu xəstəliyin müalicəsinin olmadığı qeyd olunub.
Bəs dünyaca məşhur müğənnini yatağa salan əzələ sərtliyi sindromu nədir və müalicəsi varmı?
Mövzu ilə bağlı Sfera.az-a danışan nevropatoloq Almaz Səfərova bildirib ki, əzələ sərtliyi sindromu çox nadir görülən nevroloji xəstəlikdir və irsi deyil:
“Bu, mərkəzi sinir sisteminə (beyin və onurğa beyni) təsir edən hərəkət pozğunluğudur. Gövdə əzələlərində, ayaqlarda və bədənin müxtəlif əzələ qruplarında sərtlik və büzülmə kimi əlamətlərlə özünü göstərir. Bu simptomlar başlanğıcda müəyyən aralıqlarla özünü biruzə versə də, gələcəkdə yaşanan sancılar və sərtlik sabit qalır. Əzələ spazmları qəfil baş verir. Bu xəstəliyə tutulan insanlar səslərə və toxunuşlara qarşı çox həssas olurlar. Sindromun simptomları birdən görünür. Simptomların şiddəti insandan insana və xəstəliyin gedişatından asılı olaraq dəyişir. Adətən gövdə və qarın əzələlərində sərtlik və daralmalarla özünü göstərən xəstəlik oynaqlarda və əzələlərdə ağrı ilə müşahidə olunur. Xəstəlikdən əziyyət çəkən insanlar ayaq üstə durmaqda və yeriməkdə çətinlik çəkirlər. Bu isə insanların özünü cəmiyyətdən və insanlardan təcrid etməsinə səbəb olur.Onlar sosial əlaqələrdən, dostlarından və ətraflarından uzaq olduqları üçün depressiya, narahatlıq kimi bəzi psixoloji problemlər də yaşaya bilirlər. Əzələ spazmları yüksək səs-küy, fiziki təmas, soyuq mühitə və stresli vəziyyətə məruz qaldıqda özünü göstərir”.
A.Səfərova qeyd edib ki, xəstəliyin inkişaf tempini artıra biləcək bəzi risk faktorları var:
“Risk faktorlarına insanların sahib olduğu xəstəliklər və bəzi xərçəng növləri daxildir. Risk faktorları arasında diabet, tiroidit, vitiliqo, zərərli anemiya kimi xəstəliklər də mövcuddur. Ağciyər xərçəngi, böyrək xərçəngi, tiroid xərçəngi, kolon xərçəngi də bu xəstəliyin inkişafına təsir göstərən risk faktorları arasındadır.Bu xəstəliyə qadınlarda kişilərə nisbətən iki dəfə çox rast gəlinir”.
Həkimin sözlərinə görə, sindromun müalicəsi xəstəliyin vəziyyətinə və baş verən simptomlara uyğun olaraq həyata keçirilir:
“Xəstəliyin qəti müalicəsi yoxdur. Xəstəlikdə yaşanan problemləri, simptomları və şikayətləri idarə etmək və insanın həyat keyfiyyətini qorumaq üçün uzunmüddətli müalicə lazımdır. Həkim zəruri hesab edərsə, əzələ sərtliyini və spazmlarını yüngülləşdirmək üçün bəzi dərmanlar verir. Dərmanlarla yanaşı fiziki müalicə, istilik müalicəsi, akupunktur və masaj kimi müxtəlif müalicə üsulları da mövcuddur”.
Qeyd edək ki, Selin Dion məşhur "Titanic" filminin mahnısı "My Heart Will Go On"un ifaçısıdır.
Ülkər Abdurahmanlı