Logo

İranın görünməyən üzü: Ölkəni bu qüvvələr idarə edir

İranın görünməyən üzü: Ölkəni bu qüvvələr idarə edir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İranda Ali Rəhbər Müctəba Xameneinin uzun müddətdir ictimaiyyət qarşısına çıxmaması ölkədə hakimiyyətin faktiki olaraq kimin əlində cəmləşdiyi ilə bağlı müzakirələri gücləndirib. Atası Əli Xameneinin ölümündən sonra ali rəhbər vəzifəsinə gətirilən Müctəbanın fəaliyyəti əsasən yazılı bəyanatlar və onun adından yayılan qərarlarla müşayiət olunur. Bununla yanaşı, ölkənin hərbi və təhlükəsizlik siyasətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aparıcı mövqeyə yüksəlməsi İranın idarəçilik sistemində ciddi dəyişikliklərin baş verdiyini göstərir.

Məsələ isə yalnız ali rəhbərin ictimaiyyət qarşısında görünməməsi ilə məhdudlaşmır.

Əsas sual ondan ibarətdir ki, İranın xarici siyasəti, hərbi strategiyası, ABŞ və İsraillə münasibətləri, eləcə də daxili təhlükəsizliklə bağlı mühüm qərarları hazırda kim qəbul edir?

Bəs Müctəba Xamenei bu qərarları şəxsən müəyyənləşdirir, yoxsa SEPAH və digər güc strukturlarının formalaşdırdığı siyasi xətti təsdiqləməklə kifayətlənir?

Mövzu ilə bağlı politoloq Abutalıb Səmədov Sfera.az-a açıqlama verib.

O bildirib ki, Müctəba Xameneinin uzun müddətdir ictimaiyyət qarşısına çıxmaması və bəyanatlarının yalnız digər şəxslər tərəfindən səsləndirilməsi müxtəlif ehtimalların yaranmasına səbəb olub. Onun qənaətinə görə, hazırda İranda əsas qərarların qəbulunda Ali Milli Təhlükəsizlik Şurası və SEPAH aparıcı mövqedədir.

İranın görünməyən üzü: Ölkəni bu qüvvələr idarə edir

“Hökumətin səlahiyyətləri məhduddur, prezidentin fəaliyyəti isə əsasən iqtisadi məsələlərlə məhdudlaşır. Lakin ölkənin hərbi və xarici siyasətinə dair mühüm qərarların qəbulunda hərbi dairələrin təsiri daha qabarıq görünür. Hörmüz boğazından keçən tankerlərə hücumlar, ABŞ-nin bölgədəki hərbi bazalarına zərbələr və sərt bəyanatlar da bu siyasətin göstəriciləridir”, - politoloq bildirib.

A.Səmədovun fikrincə, prezidentin proseslərdən kənarda qalması xarici siyasət məsələlərində də özünü göstərir:

“ABŞ-nin Vitse-prezidenti Cey Di Vensin danışıqlar üçün birbaşa Ali Milli Təhlükəsizlik Şurasının katibinə müraciət etməsi isə İranda real qərarverici mərkəzin harada olduğuna dair mühüm işarədir.

İran rəhbərliyinin hazırkı mövqeyi regionda gərginliyin azalmasına imkan vermir. Yaxın günlərdə hərbi ritorikanın daha da sərtləşməsi mümkündür və bu vəziyyətdən ən çox zərər görən yenə də İran xalqı olacaq”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR