İranın bu ərazisinə nüvə zərbəsi endirilə bilər – Sensasion iddia
ABŞ-ın tanınmış jurnalisti Taker Karlson Vaşinqtonun İsrailin Baş naziri Benyamin Netanyahunun təzyiqi ilə yaxın günlərdə İrana nüvə zərbəsi endirə biləcəyini iddia edib.
Sfera.az-ın məlumatına görə, Karlson bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, mümkün zərbənin hədəfi İranın mərkəzində yerləşən Külüng dağı (Pickaxe Mountain) ola bilər.
Jurnalist iddia edir ki, İsrail kəşfiyyatı İranın həmin ərazidə uranın zənginləşdirilməsi proqramını bərpa etdiyini düşünür. Karlsonun fikrincə, dağın altında yerləşən tunellər təxminən 90 metr qalınlığında qranit təbəqəsi ilə qorunur və ABŞ-ın adi silahları həmin maneəni dəf etmək gücündə deyil.
Karlson bildirib ki, bu səbəbdən nüvə silahının istifadəsi yeganə hərbi variant kimi nəzərdən keçirilə bilər. O, Netanyahunun bu məsələ ilə bağlı Trampa mütəmadi müraciət etdiyini də iddia edib.
Jurnalistin iddiasına görə, ABŞ Prezidentinin mümkün nüvə zərbəsi ilə bağlı qərarını noyabrın 7-dək verməsi gözlənilir. Bununla yanaşı, Karlson ABŞ-ın vitse-prezidenti Cey Di Vensin və xüsusi nümayəndə Stiv Uitkoffun İranla diplomatik razılaşmanın əldə olunmasını dəstəklədiyini bildirib./globalinfo






