Nazirliklər paytaxtın mərkəzindən köçürüləcək

Gürcüstan hakimiyyəti “Hökumət şəhərciyi”nin tikintisi ilə bağlı xüsusi komissiya yaradıb.
Sfera.az xəbər verir ki, hakim “Gürcü Arzusu” hökuməti daha əvvəl parlament də daxil olmaqla bütün inzibati binaların şəhər mərkəzindən çıxarılması barədə qərar qəbul edib.
“Hökumət şəhərciyi”nin Tbilisidə “Arsenal dağı” adlanan ərazidə salınması planlaşdırılır. Söhbət məşhur gürcü primitivist rəssam Niko Pirosmaninin əsərində təsvir olunan ərazidən gedir.
Layihənin həyata keçiriləcəyi ərazinin ümumi sahəsi 77 hektara qədər olacaq.
Şəhərciyin tikintisi üzrə komissiyaya Baş nazir İrakli Kobaxidze rəhbərlik edəcək. Parlament sədrinə komissiyanın sədr müavini kimi daxil olmaq təklif edilib. İkinci sədr müavini isə infrastruktur naziri təyin olunub.
Bu ilin əvvəlində Bələdiyyə İnkişaf Fondu baş planın və eskiz layihələrinin hazırlanması üçün tender elan etmişdi. Lakin texniki tapşırığın yenidən nəzərdən keçirilməsi məqsədilə tender ləğv olunub.
Tikinti işlərinin konkret olaraq nə vaxt başlayacağı hələ məlum deyil. Layihənin təxmini ümumi dəyəri də açıqlanmayıb.
Bununla belə, layihənin bəzi detalları artıq məlumdur. Açıqlanan sənədlərdə qeyd olunur ki, şəhərcik “şəhər strukturuna inteqrasiya edilməli”, eyni zamanda qorunan perimetrlə əhatə olunmalıdır. KİV-in yazdığına görə, layihə faktiki olaraq vahid və mühafizə olunan inzibati klasterin yaradılmasını nəzərdə tutur.
Planlaşdırılan ərazi bir tərəfdən köhnə Kukiya qəbiristanlığı ilə həmsərhəddir.
Layihə çərçivəsində ümumilikdə 282 750 kvadratmetr yeni ofis və inzibati bina tikilməsi nəzərdə tutulur.
Yeni şəhərciyə parlamentin, hökumət administrasiyasının, Tbilisi meriyasının, Dövlət Təhlükəsizlik Xidmətinin və doqquz nazirliyin köçürülməsi planlaşdırılır.
Bunlar xarici işlər, iqtisadiyyat, təhsil, mədəniyyət, infrastruktur, regional inkişaf, səhiyyə və sosial təminat, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirlikləridir.
Həmçinin barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin ofisinin də yeni şəhərciyə köçürülməsi nəzərdə tutulur.
Layihədə müxtəlif tədbirlər üçün qəbul və tədbir məkanlarına ən azı 10 000 kvadratmetr sahənin ayrılması planlaşdırılır.
Ən böyük bina Tbilisi meriyasına məxsus olacaq. Onun sahəsi 59 900 kvadratmetr nəzərdə tutulur. Parlament üçün isə 31 350 kvadratmetrlik bina inşa ediləcək.
Hazırda köçürülməsi planlaşdırılan dövlət qurumlarının mövcud binalarının gələcək taleyi məlum deyil. Həmin binaların satılıb-satılmayacağı, eləcə də satış qiymətlərinin necə müəyyənləşdiriləcəyi açıqlanmayıb.
“Hökumət şəhərciyi” ideyası yeni deyil. Bu təşəbbüsü ilk dəfə 2017-ci ildə həmin vaxt baş nazir vəzifəsində olan Giorgi Kvirikaşvili irəli sürüb.
Ötən ilin sonunda isə hazırkı Baş nazir İrakli Kobaxidze bu məsələ ilə yenidən məşğul olmaq qərarına gəlib./Modern.az






