Ərdoğandan dünyanı silkələyən çıxış: “Yolları açın, Böyük Türkiyə gəlir”

Ərdoğandan dünyanı silkələyən çıxış: “Yolları açın, Böyük Türkiyə gəlir”
Kateqoriya məlum deyil
T

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın yaradılmasının 25-ci ildönümü proqramında çıxış edib.

Sfera.az xəbər verir ki, Ərdoğan bugünün xüsusi və tarixi gün olduğunu bildirərək, AK Partiyanın dörddə bir əsri geridə qoyduğunu deyib.“Bu gün çox xüsusi, tarixi bir gündür. 25-ci ilimizi böyük qürurla qeyd edirik. AK kadrlar olaraq dörddə bir əsri geridə qoymağın xoşbəxtliyini yaşayırıq”, – Ərdoğan bildirib.

Türkiyə Prezidenti hakimiyyətdə olduqları müddətdə əldə edilən nəticələrdən danışaraq xalqdan aldıqları səlahiyyəti və dövlətin imkanlarını ölkənin böyüməsi və güclənməsi üçün istifadə etdiklərini vurğulayıb.

“İqtisadiyyat, səhiyyə, təhsil və nəqliyyat sahələrində Türkiyə tarixinin ən böyük investisiyalarını və layihələrini həyata keçirdik. ‘Edə bilməzlər’ dedilər, etdik, həm də ən yaxşısını etdik. Türkiyəni rahatlatdıq, ümidi artırdıq. Hər şeydən əvvəl Türkiyənin və millətin özünəinamını yüksəltdik”, – o deyib.

Ərdoğan iqtisadi göstəricilərə də toxunub: “36 milyard dollar olan illik ixracımız iyunda 278 milyard dollara çatdı. Milli gəlirimiz 240 milyard dollardan 1 trilyon 600 milyard dollara yüksəldi. Dünyanın 21-ci böyük iqtisadiyyatı olan Türkiyə 2025-ci ildən etibarən dünyada 16-cı, Avropada isə 6-cı yerə yüksəldi”.

Prezident enerji sahəsində əldə olunan nəticələrdən də danışıb. Onun sözlərinə görə, əvvəllər terrorun geniş yayıldığı Gabar bölgəsində hazırda gündəlik 83 min barel neft hasil edilir. Qara dənizdə aşkarlanan təbii qaz isə artıq milyonlarla evdə istifadə olunur.

Ərdoğan Türkiyənin avtomobil və müdafiə sənayesində əldə etdiyi nəticələri də xüsusi vurğulayıb: “Başqalarının istehsal etdiyi avtomobillərə həsrətlə baxmırıq, Togg-u gördükcə qürur duyuruq. Piyada tüfəngini belə xaricdən alan bir ölkəni öz hərbi gəmisini, pilotsuz uçuş aparatını, helikopterini, tankını, raketini və sualtı qayığını istehsal edən ölkəyə çevirdik”.

Ərdoğan başörtüsü qadağasının aradan qaldırılmasını, universitetlərə qəbulda əmsal ədalətsizliyinin ləğvini, fövqəladə vəziyyət rejiminin götürülməsini və fərqli dil və ləhcələrdə yayımların sərbəstləşdirilməsini də AK Partiya hakimiyyətinin nailiyyətləri sırasında göstərib. O, TRT Kurdî-nin yaradılmasını xatırladıb.

Türkiyə Prezidenti Ayasofyanın yenidən ibadətə açılmasına da toxunub: “Ayasofyanın qapısına vurulan zəncirləri qıracağıq dedik, Fatehin əmanəti Ayasofya-i Kebir Cami-i Şerifi yenidən ibadətə biz açdıq”.

Ərdoğan qarşıdakı dövr üçün də iddialı mesajlar verib: “Dörddə bir əsrdə böyük işlər gördük, amma bitmədi. Heç vaxt da bitməyəcək. Heç kim bizdən yorulmağımızı gözləməsin. Daha yeni başlayırıq. Türkiyəni bu hərəkat, bu kadrlar, bu gənclər, onların övladları və nəvələri, inşallah, əvvəlcə 2053-ə, sonra isə 2071-ə aparacaq”.

Çıxışın ən diqqətçəkən hissələrindən birində Ərdoğan bildirib: “Qardaşlığımız yenidən məna qazanır, gücümüzə güc qatılır, tarix yenidən yazılır. Yolları açın, ‘Böyük Türkiyə Cümhuriyyəti’ gəlir”.

Ərdoğan siyasətdə 50 ili geridə qoyduğunu və fəaliyyətini davam etdirəcəyini də açıqlayıb: “Allah ömür və sağlamlıq versə, daha uzun illər Türkiyəyə xidmət mübarizəsinin içində olacağam. Əziz millətimin duası və rəğbəti ilə, inşallah, bu ölkə üçün eşqlə çalışmağı davam etdirəcəyəm. Bu can bu bədəndə olduğu müddətdə bu sevdamız bitməyəcək”./musavat

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR