Süleymançılar kimdir? - Türkiyə hakimiyyəti hərəkətə keçdi

Türkiyədə “Süleymançılar” kimi tanınan dini icmaya qarşı genişmiqyaslı əməliyyat keçirilib. Ankara Prokurorluğu əməliyyat çərçivəsində icmanın rəhbəri Alihan Kurişin adı ilə “Alihan Kuriş cinayət təşkilatı” kimi təqdim edib.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat 17 vilayətdə, əsasən İstanbul, Ankara və Antalya şəhərlərində həyata keçirilib. Əməliyyat zamanı 30 nəfər saxlanılıb. Saxlanılanlar arasında icmanın rəhbəri Alihan Kurişin də olduğu bildirilir.
İstintaqın əsas istiqamətinin dini fəaliyyət deyil, maliyyə məsələləri olduğu qeyd edilir. Prokurorluğun iddialarına görə, icma ilə əlaqəli strukturlar vasitəsilə çirkli pulların yuyulması, dövlətə zərər vuran dələduzluq və vergi pozuntuları həyata keçirilib.
Türkiyənin Maliyyə Cinayətləri İstintaq Şurasının (MASAK) araşdırmasına əsasən, əlaqəli şirkətlər vasitəsilə 100 milyard lirədən çox vəsaitin xaricə köçürüldüyü müəyyən edilib. Sözügedən şirkətlərə xarici idarəçilərin təyin olunduğu bildirilir.
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi NTV Haber telekanalına açıqlamasında bildirib ki, əməliyyatdan əvvəl məsələni ədliyyə naziri ilə müzakirə edib və bundan sonra əməliyyatın keçirilməsi barədə qərar qəbul olunub.
Nazirin sözlərinə görə, Alihan Kuriş 2016-cı ildə icmaya rəhbərlik etdikdən sonra təşkilat daha qapalı fəaliyyət göstərməyə başlayıb.
İstintaq çərçivəsində Almaniyanın Köln şəhərində 70 milyon dollar dəyərində böyük bir mərkəzin inşa edildiyi və icmanın fəaliyyətinin gələcəkdə bu mərkəzdə cəmləşdirilməsinin planlaşdırıldığı da araşdırılır.
Xatırladaq ki, özlərini “Süleymançılar” adlandıran qrup, Türkiyədə uzun illərdir fəaliyyət göstərən konservativ və nisbətən qapalı dini icmalardan biridir.
İcmanın əsas fəaliyyət istiqamətlərindən biri Quranın oxunmasının öyrədilməsi və dini təhsilin təşkili olub. Müxtəlif şəhərlərdə tələbələr üçün yataqxanalar və dini təhsil mərkəzləri ilə tanınan icmanın Türkiyədən kənarda da fəaliyyət göstərdiyi bildirilir.
Hazırkı əməliyyatda isə Türkiyə hakimiyyətinin diqqəti icmanın dini fəaliyyətindən çox, onunla əlaqəli olduğu iddia edilən maliyyə strukturlarına və pul axınlarına yönəlib.
İstintaq davam edir və saxlanılan şəxslərlə bağlı məhkəmənin qərarı gözlənilir./Modern.az






