Türkiyə tezliklə "F-35" proqramına qayıtmağı planlaşdırır - Hulusi Akar

Parlamentin milli müdafiə komitəsinin rəhbəri və Türkiyənin keçmiş müdafiə naziri Hulusi Akar Ankaranın Moskvadan aldığı S-400 hava hücumundan müdafiə sistemləri məsələsinin həllində konkret irəliləyiş gözlədiyini və respublikanın yaxın gələcəkdə F-35 beşinci nəsil qırıcı təyyarələrinin istehsalı proqramına qayıtmasını gözlədiyini bildirib.
Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, o, bu açıqlamanı parlament komitə üzvlərinin ABŞ-a səfəri zamanı və Amerika tərəfi ilə danışıqlardan sonra verib.
“Biz S-400-ün BƏƏ-də və ya başqa bir yerdə olacağını deməmişik və demirik. Biz bu məsələni mümkün qədər tez həll etmək üçün razılığa gəlmək imkanlarını müzakirə etdik və ümid edirik ki, tezliklə bəzi dəyişikliklər baş verəcək və bu problemli vəziyyət həll olunacaq. S-400 məsələsi müəyyən bir şəkildə həll olunacaq. Biz bunu gözləyirik, ümid edirik və bu məsələdə dəyişikliklər arzulayırıq. Görünür, bu, baş verəcək”, - deyə Akar bildirib.
O qeyd edib ki, Amerika tərəfi də bu məsələ ilə bağlı öz kanalları vasitəsilə məlumatlar əldə edib və buna əsasən Türkiyə tərəfinə müsbət cavab veriblər.
Akar hesab edir ki, S-400 məsələsinin həlli sonda əhəmiyyətli və müsbət dəyişikliklərə səbəb olacaq. Parlament üzvü bildirib ki, F-35 proqramının dayandırılmasının səbəbi S-400 olub:
"Məsələ həll edildikdən sonra F-35 proqramı dərhal bərpa olunacaq. Biz bu məsələni bu və ya digər şəkildə həll edəcəyik".
