Qatı düşmən müttəfiqə çevrilmədi: İsrailin Əhmədinejad planı baş tutmayıb

Qatı düşmən müttəfiqə çevrilmədi: İsrailin Əhmədinejad planı baş tutmayıb
Kateqoriya məlum deyil
T

ABŞ-nin nüfuzlu “The New York Times” qəzeti İsrailin İranın keçmiş Prezidenti Mahmud Əhmədinejad ilə uzun illər davam edən gizli təmaslar qurduğunu və onu gələcəkdə İran rəhbərliyinə gətirməyi planlaşdırdığını iddia edib.

Sfera.az xəbər verir ki, nəşrin adları açıqlanmayan amerikalı və iranlı rəsmilərə istinadən yayımladığı məlumatda bildirilib ki, İsrailin xarici kəşfiyyat xidməti Mossad Əhmədinejadı öz təsir dairəsinə cəlb etməyə və münasib vaxtda hakimiyyətə qaytarmağa çalışıb.

Məqalədə qeyd olunub ki, 2024-cü ilin əvvəlində Macarıstan hökumətinin yüksəkvəzifəli nümayəndələrindən biri Budapeştdə yerləşən Ludovika Universitetinin rəhbərliyindən iqlim dəyişikliyi mövzusunda beynəlxalq konfrans təşkil etməyi və Əhmədinejadı tədbirə dəvət etməyi istəyib. İddiaya görə, həmin konfrans əslində keçmiş İran Prezidenti ilə Mossad əməkdaşları arasında gizli görüş üçün örtük rolunu oynayıb.

Mənbələrin sözlərinə görə, Əhmədinejadın 2024 və 2025-ci illərdə Budapeştə etdiyi səfərlər İsrailin onu illər boyu davam edən xüsusi əməliyyat çərçivəsində əməkdaşlığa cəlb etmək planının tərkib hissəsi olub. Bildirilir ki, Mossadın rəhbəri David Barnea də 2024-cü ildə Budapeştə gedərək Əhmədinejadla şəxsən görüşüb.

Qəzet yazıb ki, Mossad sonradan bu təmaslar barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsini (CIA) də məlumatlandırıb.

Məqalədə vurğulanıb ki, bu plan İsrailin uzun illər ən sərt düşmənlərindən biri hesab etdiyi Əhmədinejada münasibətində ciddi dönüş kimi qiymətləndirilir. Çünki o, prezident olduğu dövrdə İranın nüvə proqramını sürətləndirməsi, İsrail əleyhinə sərt bəyanatları və Holokostu inkar edən çıxışları ilə tanınırdı.

İddialara əsasən, son illərdə İsrail Əhmədinejadın bəzi yaşayış və xarici səfər xərclərini gizli şəkildə maliyyələşdirib, onunla müxtəlif ölkələrdə bir neçə dəfə görüşlər keçirib.

Qəzetin məlumatına görə, planın kulminasiya nöqtəsi bu ilin fevral ayının sonunda ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatların ilk günlərində baş verib. İddiaya əsasən, İsrailə məxsus hava zərbəsi zamanı Əhmədinejadın yaşadığı ərazi vurulub, daha sonra Mossad əməkdaşları onu hadisə yerindən çıxararaq gizli təhlükəsiz evə aparıblar.

Lakin məlumatlı şəxslərin sözlərinə görə, keçmiş prezident bu planlardan narazı qalıb və sonradan hələ də açıqlanmayan şəraitdə həmin təhlükəsiz məkanı tərk edib.

Məqalədə bildirilib ki, Əhmədinejad bundan sonra uzun müddət ictimaiyyət qarşısına çıxmayıb. O, yalnız ötən həftə İranın ali dini lideri Əli Xamenei üçün təşkil olunan dəfn mərasimində qısa müddət görünərək diqqət çəkib.

İddialara görə, hazırda Əhmədinejad ev dustaqlığında saxlanılır və onun fəaliyyəti İslam İnqilabı Keşikçiləri Korpusu kəşfiyyatı tərəfindən nəzarətdədir.

Qəzet yazıb ki, İsrailin planının digər hissəsi İraqın şimalında yerləşən İran kürd müxalif qüvvələrinin silahlandırılması və onların İranın qərb bölgələrinə daxil olaraq sonradan Tehrana doğru irəliləməsini nəzərdə tuturdu. Lakin bu ssenari həyata keçirilməyib.

Məqalədə həmçinin qeyd olunub ki, prezidentlikdən ayrıldıqdan sonra Əhmədinejadın siyasi ritorikası müəyyən qədər yumşalıb. O, ölkə daxilində fəal səfərlər edib, sosial bazasını qorumağa çalışıb və hakimiyyətə qayıtmaq niyyətini yaxın ətrafına dəfələrlə dilə gətirib.

Nəşrin iddiasına görə, İran təhlükəsizlik orqanları onun xarici əlaqələrini uzun müddət izləyib. Xüsusilə 2017-ci ildən etibarən ABŞ Prezidenti Donald Trump və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ilə açıq məktub vasitəsilə əlaqə yaratmaq cəhdləri şübhələri daha da artırıb.

Bildirilib ki, İran kəşfiyyatı xüsusilə Əhmədinejadın 2023-cü ildə Qvatemalaya, daha sonra isə Macarıstana etdiyi səfərlər zamanı İsrail nümayəndələri ilə mümkün təmaslarını araşdırmağa başlayıb.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ