Türkiyə “S-400”lərdən imtina edir: Razılaşma əldə olunub

Türkiyənin Rusiyadan aldığı “S-400” hava hücumundan müdafiə sistemlərinin taleyi yenidən gündəmə gəlib. İddialara görə, sistemlər üçüncü ölkəyə satılıb və bununla bağlı rəsmi açıqlamanın bu gün veriləcəyi gözlənilir.
Sfera.az “Hürriyet”ə istinadən xəbər verir ki, məsələ ABŞ Prezidenti Donald Trampın CAATSA sanksiyalarının ləğv ediləcəyinə dair açıqlamasından sonra yenidən müzakirə olunmağa başlayıb.
Çünki Türkiyəyə qarşı həmin sanksiyalar məhz “S-400” sistemlərinin alınmasından sonra tətbiq edilib.
Məlumata görə, ABŞ-də CAATSA sanksiyalarının ləğvi üçün Prezident Trampın Konqresə rəsmi məktub göndərməsi kifayət edir. Məktubda “S-400” sistemlərinin aktiv istifadə edilmədiyi, Türkiyənin bu sistemlərə malik olmamasının vacibliyi və gələcəkdə Rusiya ilə oxşar hərbi əməkdaşlığın genişləndirilməyəcəyinə dair öhdəliklərin yer alacağı bildirilib.
Türkiyə mətbuatında yer alan iddialara əsasən, “S-400” sistemləri Körfəz ölkələrindən birinə satılıb. Hansı ölkənin alıcı olduğu barədə fərqli versiyalar səsləndirilib. Bəzi mənbələr Birləşmiş Ərəb Əmirliklərini, digərləri isə Qətəri göstərirlər. Bildirilib ki, tərəflər arasında son texniki məsələlər də həll olunub və satışın yaxın saatlarda rəsmən açıqlanacağı gözlənilir.
İddialara görə, İran və İsrail arasında yaşanan gərginlikdən sonra Körfəz ölkələri hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün alternativ sistemlər axtarmağa başlayıblar. Bu səbəbdən “S-400” sistemlərinin həmin regiona satılması ehtimalı yüksək qiymətləndirilib.
Qeyd olunub ki, əgər satış rəsmiləşərsə, Türkiyə təkcə CAATSA sanksiyalarından xilas olmaqla kifayətlənməyəcək, həm də “S-400” sistemlərinin satışından maliyyə gəliri əldə edəcək.
Bununla yanaşı, NATO sammitindən sonra Ankara üçün daha üç mühüm nəticənin əldə olunduğu iddia edilib. Bunlar CAATSA sanksiyalarının ləğvi perspektivi, KAAN qırıcısı üçün mühərriklərin təmin edilməsi və “F-35” proqramı ilə bağlı yeni mərhələnin başlanması kimi qiymətləndirilib.
Rəsmi Ankara isə “S-400” sistemlərinin satışı ilə bağlı hələlik hər hansı açıqlama verməyib.
Bəsti Rəfizadə
