Ankarada tarixi NATO sammiti - Türkiyənin zirvədən əsas gözləntiləri

Bu gün Ankarada Prezident Administrasiyasının kompleksində NATO-nun 36-cı Liderlər Zirvəsi öz işinə başlayıb. İki gün davam edəcək tədbirə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ev sahibliyi edəcək, iclaslara isə NATO-nun Baş katibi Mark Rutte rəhbərlik edəcək. Sammitdə ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla, 31 müttəfiq ölkənin dövlət və hökumət başçıları, eləcə də dəvət olunmuş digər ölkələrin liderləri iştirak edəcəklər. Tədbirlə əlaqədar Prezident Administrasiyasının kompleksi minlərlə diplomat, yüksəkvəzifəli məmur və qonağı qəbul etmək üçün tam hazırlıq vəziyyətinə gətirilib.
Türkiyənin NATO daxilində rolu son illərdə artmaqdadır və bu baxımdan bəzi suallar meydana gəlib.
Maraqlıdır, Ankara bu sammitdən hansı nəticələri əldə etməyə çalışır?
Məsələ ilə bağlı Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay Sfera.az-a açıqlama verib.
O bildirib ki, Türkiyənin 7-8 iyul 2026-cı il tarixlərində Ankarada ev sahibliyi etdiyi NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvəsi təkcə logistik təşkilat deyil, eyni zamanda Ankaranın dəyişən qlobal təhlükəsizlik arxitekturasındakı “mərkəzi” mövqeyini təsdiqləyən strateji dönüş nöqtəsidir:
“2004-cü il İstanbul Zirvəsindən 22 il sonra Türkiyənin ikinci dəfə ev sahibliyi etdiyi bu sammit həm Türkiyənin Alyans daxilindəki çəkisini, həm də əldə etməyi hədəflədiyi strateji nailiyyətləri aydın şəkildə ortaya qoyub. Bu zirvə Türkiyənin NATO daxilində vasitəçi və sabitlik yaradan rolunu daha da möhkəmləndirib. ABŞ Prezidenti Donald Trampın zirvədə xüsusi iştirak etməsi və bu səfəri Prezident Rəcəb Tayyib Ərdoğanla şəxsi dialoqu ilə əlaqələndirən açıqlamaları Türkiyənin ABŞ ilə Avropa arasında etimad körpüsü olmaq potensialını vurğulayır. Ankara bu zirvə vasitəsilə NATO-nun yalnız şimal alyansı olmadığını, cənub cinahındakı terror, miqrasiya, enerji və regional sabitliksizlik kimi təhdidlərin də Alyansın əsas gündəliyinə daxil edilməsinin vacibliyini ön plana çıxarıb”.

Politoloq Türkiyənin bu zirvədən hansı əsas qazancları əldə etməyi hədəflədiyini açıqlayıb:
“Zirvə çərçivəsində keçirilən “Müdafiə Sənayesi Forumu” və Trampla baş tutacaq ikitərəfli görüşlər Türkiyənin "F-35" proqramına qayıdışı və milli döyüş təyyarəsi KAAN-da istifadə olunacaq "F-110" mühərrik texnologiyaları kimi kritik müdafiə layihələrinin qarşısındakı maneələrin aradan qaldırılmasını hədəfləyir. Milli müdafiə naziri Yaşar Gülərin də ifadə etdiyi kimi, Türkiyənin əsas gözləntisi NATO-nun təməl daşı olan 5-ci maddə (kollektiv müdafiə) öhdəliklərinin bölgədə yaranan yeni təhdidlər fonunda yenidən təsdiqlənməsidir. Həmçinin, NATO-Ukrayna Xarici İşlər Nazirləri Şurasına ev sahibliyi edilməsi Türkiyənin Qara dəniz təhlükəsizliyi və Ukrayna böhranındakı “tərəfsiz, lakin həll yönümlü” diplomatik çəkisini qlobal səviyyədə də təsdiqləyir. Ankaranın NATO zirvəsi üçün müəyyən etdiyi yeni əməliyyat və logistika standartları Türkiyənin beynəlxalq diplomatiyadakı təşkilati gücünü və “etibarlı ev sahibi” imicini daha da gücləndirir. Türkiyə NATO daxilindəki mövqeyini öhdəliklərini yerinə yetirən, lakin milli maraqlarından güzəştə getməyən xətt üzərində formalaşdırır. Zirvə Ankaranın ABŞ ilə müdafiə sənayesi sahəsində yeni əməkdaşlıq zəmini yaratmasını, Avropa İttifaqı ilə müdafiə və təhlükəsizlik sahəsində daha sıx koordinasiya qurmasını, Cənub cinahındakı təhlükəsizlik risklərini (Suriya, Qəzza, regional sabitlik) NATO-nun “strateji prioritetlər” siyahısına daimi şəkildə daxil etdirməsini diplomatik uğur kimi öz hesabına yazmağı hədəfləyir. Yekun olaraq deyə bilərəm ki, bu zirvə Türkiyənin təkcə sahə gücü deyil, eyni zamanda NATO-nun böhranların idarə olunması və gələcək baxışının müəyyənləşdirilməsi proseslərində əsas qərarverici aktorlardan biri olduğunu dünyaya nümayiş etdirir. Trampın zirvədə iştirakının Ankarada baş tutması Türkiyənin transatlantik alyans daxilindəki “strateji əvəzolunmazlığını” bir daha təsdiqləyən diplomatik qələbə kimi qiymətləndirirəm”.
Bəsti Rəfizadə

