Çak Norrisin anası 103 yaşında vəfat edib - FOTOLAR
Hollivud aktyoru Cak Norris bu gün “İnstaqram”da pərəstişkarları ilə kədərli xəbər paylaşıb.
Sfera.az bildirir ki, məşhur ulduz anası Vilmanın 103 yaşında dünyasını dəyişdiyini açıqlayıb.
Çak Norris postunda ona hər zaman dəstək olan anası Vilmaya ehtiramını bildirib.
84 yaşlı aktyor öz paylaşımında anasını sarsılmaz imanlı, nurlu qadın adlandıraraq, "onun sevgisi Allahın lütfünü əks etdirir" deyib. Bundan əlavə, Norris həyatının müxtəlif dövrlərində çəkilmiş bir neçə arxiv ailə fotoşəkilini paylaşıb.
"Anamız sarsılmaz imanlı, həyatımıza nur saçan bir qadın idi və onun məhəbbəti Allahın lütfünü əks etdirirdi. Onun gülüşü biz böyüdükcə evimizi sevinclə doldurub, qucaqlaması bizə daim təhlükəsizlik hissi verib. O, hər kəsi xüsusi hiss etdirən, tez-tez başqalarının ehtiyaclarını öz ehtiyaclarından üstün tutan gözəl bir ürəyə sahib idi” - deyə aktyor yazıb.
Qeyd edək ki, Çak Norris 10 mart 1940-cı ildə Oklahoma ştatının Rayan şəhərində Vilma və Rey Dee Norrislərin ailəsində anadan olub. Anası Cherokee hindu qəbiləsindən, atası isə saf irlandiyalıdır. Çak ailənin ən böyük övladı olub. Onun özündən kiçik iki qardaşı (Uieland və Aaron) var. Gələcək Hollivud ulduzunun 16 yaşı olanda valideynləri boşanıb. O və qardaşları analarının himayəsində böyüyüblər. Çak bir döyüş sənətçisi kimi karyerasına başlamışdır və bu günə qədər də məşq edir.
O, filmlər üçün məşhurlara döyüş sənəti öyrədib. Daha sonra 1968-ci ildə “The Wrecking Crew” filmində kiçik bir rol alıb. Dörd ildən sonra məşhur Brüs Li ona “Əjdaha yolu” filmində rol verir. Bundan sonra Norrisin karyerası başlayıb. Bir çox məşhur döyüş filmlərində oynayan Norrisin ən məşhur filmləri “Səssiz qəzəb”, “Məcburi qisas”, “Tənha canavar Makkueyd”, “ABŞ-a hücum”, “Delta Qüvvəsi”, “Firewalker”, “Səssizlik Kodu”dur. Lakin ən böyük şöhrəti ona 1993-2001-ci illərdə çəkildiyi "Walker, Texas Ranger" televiziya serialı gətirib. Onun son çıxışı 2012-ci ildə “The Expendables 2”də olub.
Filmlərdə rol almaq və döyüş sənətləri ilə məşğul olmaqdan əlavə, Çak fəlsəfə, din, Qərb fantastikası ilə maraqlanır. 2008-ci ildə yazdığı "Qara kəmərli vətənpərvərlik: Amerikanı necə oyatmalı" adlı bioqrafik kitabı əsl bestseller olub.
Aynil