Bu gün Yel çərşənbəsidir: Nələri bilirik? - MARAQLI MƏLUMATLAR 

Bu gün Yel çərşənbəsidir: Nələri bilirik? - MARAQLI MƏLUMATLAR 

Bu gün Azərbaycanda Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi qeyd edilir.

 

Sfera.az bildirir ki, el arasında bu çərşənbəyə “külək oyadan çərşənbə”, “yelli çərşənbə” də deyilir. Yel çərşənbəsi dörd yaradılış ünsüründən biri olan havanın həyatverici gücü ilə bağlıdır.

 

İnanclara görə, bu çərşənbədə oyanan yel və külək dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir, hər şeyə yeni nəfəs verir. Ona görə xalq arasında ona "yelli-küləkli" çərşənbə deyirlər. Qeyd olunur ki, məhz bu gündə Tanrı ancaq xoş sözləri eşidir. Yel çərşənbəsində həm də hava təmizlənir. Əvvəllər Yel babanın şərəfinə xüsusi mərasimlər keçirilir, ayinlər icra olunurdu.

 

Yel çərşənbəsinin əsas inanclarından biri də niyyət tutulmasıdır.

 

Çərşənbə gecəsi söyüd ağacının altına gedib niyyət edər və Yel babanı çağırardılar. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetəcək.

 

Bu çərşənbənin ayinlərindən biri də həmin gün həyətlərdə yelləncəklərin qurulması və oğul-uşağın, qız-gəlinin yelləncəklərdə yellənməsidir.

 

Deyilənə görə, Yel çərşənbəsi əsən külək təzəcə çıxmış otları oyadaraq, Novruzun gəlişi barədə xəbərdar edir. Yel çərşənbəsində axşam olan kimi hər həyətdə, məhəllədə tonqallar qalanır, tonqal başına toplaşanlar növbə ilə 3 dəfə onun üstündən atlanırlar. Bu, azar-bezardan, bədbəxtlik və fəlakətlərdən xilas olmaq, günahlardan qurtulmaq niyyəti ilə edilir.

 

Evlərdə plov dəmlənir, süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanan çərəzlər düzülür. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı lent bağlanır. Yel çərşənbəsində həm də son çərşənbəyə və Novruza hazırlıq görülür, ev-eşik, həyət-baca təmizlənir, şirniyyatlar bişirilir.

 

Türkan


OXŞAR XƏBƏRLƏR