“Azərbaycanda azad medianın inkişafında uğurlar əldə edilib”
Cəmiyyət
23:20 / 17.11.2016
1293
"Prezident İlham Əliyevin konqresdəki çıxışında önəmli dəyərləndirmələr aparması ölkəmizin informasiya jurnalistikasına stimul verdi”.
"Dünya Xəbər Agentliklərinin V Konqresinin Bakıda keçirilməsi çox uğurlu hadisədir. Bu uğur ilk növbədə informasiya məkanında Azərbaycanın önəmli mövqe tutmasının göstəricisi kimi qiymətləndirilə bilər. Ümumi götürdükdə isə tədbir yalnız ayrı-ayrı mövzulara görə deyil, eləcə də ümumi proqramına görə zəngin və maraqlı müzakirələrlə keçdi”. Bunu "İki Sahil” qəzetinə açıqlamasında SƏS Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev Dünya Xəbər Agentliklərinin V Konqresinin Bakıda keçirilməsi ilə bağlı fikirlərini bildirərkən deyib.
Bəhruz Quliyev eyni zamanda bildirib ki, tədbir çərçivəsində dünyanın müxtəlif xəbər agentliklərinin nümayəndələri ilə ünsiyyət yaratmaq, qlobal məsələlərə toxunan, informasiya məkanında ən çox vurğulanan rəylər üzrə fikir mübadilələri aparmaq imkanı da oldu: "Əminəm ki, bu Konqres xarici xəbər agentlikləri ilə əməkdaşlığın genişləndirilməsində, müasir dövrün jurnalistikanın, sosial medianın imkanlarını müzakirə etməkdə, həmçinin bu sahədə olan bir sıra problemlərin həll olunmasında önəmli rol oynayacaq. Əlbəttə ki, bu müzakirələrdən hər kəs hər hansı bir yeniliyi öyrəndi”.
SƏS Media Qrupunun rəhbəri vurğulayıb ki, Prezident İlham Əliyev cənablarının Dünya Xəbər Agentliklərinin V Konqresinə xüsusi önəm verməsi hər kəsdə böyük maraq oyatdı. Belə ki, ölkə rəhbəri çıxışı zamanı bu tədbirin Bakıda keçirilməsini müstəqil medianın inkişafında Azərbaycanın fəaliyyətinin və nailiyyətlərinin yüksək qiymətləndirilməsinin göstəricisi hesab etdiyini qeyd etdi: "Əlbəttə, cənab İlham Əliyevin konqresdəki çıxışında bu kimi önəmli dəyərləndirmələr aparması ölkəmizin də informasiya jurnalistikasına stimul verdi. Çünki informasiya texnologiyası hər zaman yenilik tələb edir”.
Medianın qarşısında yeni çağırışların olduğunu deyən Bəhruz Quliyev informasiyanın yayılmasında innovasiyalardan istifadənin vacibliyini də qeyd edib: "Medianın vəzifəsi etibarlı məlumat verməklə azad düşüncəni ifadə etmək və milli maraqlara xidmət göstərməkdən ibarətdir. Hazırda ölkəmizdə 40-dan artıq gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet nəşr olunur. 10 milli, 1 peyk, 13 regional və 17 kabel televiziyası yayımlanır. Azərbaycan internetin tam azad olduğu ölkədir və əhalinin 75 faizindən çoxu fəal internet istifadəçisidir. Sosial mediadan 2 milyon vətəndaş istifadə edir. Rəqəmlərə söykənərək Azərbaycanda azad medianın inkişafında uğurların əldə edildiyini qətiyyətlə demək olar. Ancaq bununla yanaşı, əldə edilən uğurlarla da qane olmaq doğru fikir deyil. Media, xüsusilə informasiya mediası davamlı şəkildə yeniləşməli, öz auditoriyasını daha geniş müstəviyə çıxarmaq üçün güclü və sağlam rəqabət aparmalıdır”.