Zəngəzur dəhlizi Soçidə niyə elan edilmədi? – Şərh

16:11 / 29.11.2021
790
"Soçi
bəyanatında kommunikasiyanın bərpası ilə bağlı açıq qeydlər olmasa da, sənədin
mətni və Putinin açıqlamalarından müəyyən nəticələr çıxır. Ermənistanın
Zəngəzur dəhlizi ilə bağlı mövqeyi, Azərbaycanın Naxçıvanla əlaqəsini yaradacaq
nəqliyyat xəttində nəzarət-buraxılış məntəqəsinin qoyulması cəhdi qəbul
edilməyib. Bəyanatda "10 noyabr və 11 yanvar razılaşmalarının bütün
müddəalarının bundan sonra ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən
riayət olunmasına tərəfdar olduğumuzu təsdiq etdik” qeydi bunu təsdiqləyir”.
Sfera.az
bildirir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə,
görüşdə yekun sənəddə qeyd olunmayan ciddi razılaşmalar əldə olunub və bu həftə
açıqlanması gözlənilir:
"Putin
bildirdi ki, gələn həftə, - bu, bizim növbəti razılaşmadır, - üçtərəfli İşçi
Qrupu müəyyən yekunlar vurmaq və bu gün razılaşdırdığımız və qəbul etdiyimiz
qərarları elan etmək üçün Moskvada toplaşacaqlar. Mümkündür ki,
liderlər Soçidə kommunikasiyanın qrafiki üzrə müzakirə aparıblar, çünki bu
istiqamətdə əsas atılacaq addım da budur: məhz bunun təsdiqindən sonra
nəqliyyat dəhlizlərinin açılması üzrə işlər başlanmalıdır və bununla həm də
Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsində yolun tikintisinə
nə vaxt start veriləcəyi bəlli olacaq. Görüşdən öncə "böyük danışan” və "imkan verməyəcəyini” deyən Paşinyanın
ölkəsində "linç edilməsi” nəzərə alınıb: hətta istisna deyil ki, Zəngəzur
dəhlizinin istifadəyə veriləcəyinə qədər olan müddətdə İrəvan öz mövqeyində
"dayanacaq”.
A.
Nərimanlının sözlərinə görə hazırda tərəflər arasında müəyyən məsələlərin tam
razılaşdırılmasına ehtiyac var:
"Bu, əsasən
texniki məsələlərdir. Paşinyanın müavini, İşçi Qrupunun üzvü Mger Qriqoryanın
ötən həftə "ortaq məxrəcə gəlinib, lakin texniki məsələlərlə bağlı bir neçə
variant var, hansı variantın işləyəcəyi ilə bağlı yekun razılaşma yoxdur”
açıqlaması da bunu deməyə əsas verir. Rusiya XİN-in
sözçüsü Mariya Zaxarova noyabrın 3-də bildirmişdi ki, üçtərəfli İşçi Qrupunun
noyabrın 29-da – bu gün toplanması nəzərdə tutulur. Zaxarovanın açıqlamasından
sonra toplantı ilə bağlı ikinci bir açıqlama olmayıb, lakin bu həftə (bu gün
olmaya da bilər) görüşəcəkləri bəllidir. Fors-major situasiya olmasa, üçtərəfli
İşçi Qrupu bu həftə Soçi görüşündə kommunikasiyanın bərpası ilə bağlı
razılaşmaları açıqlayacaq və bunun qrafiklə bağlı olacağı ehtimalı yüksəkdir.
Turan Rzayev