Şarl Mişel vasitəçi ola bilər, moderator yenə Putindir - ŞƏRH

15:50 / 22.11.2021
1067
Uzun
fasilədən sonra, dekabrın 15-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl
Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri bir araya gələcək. Azərbaycan
və Ermənistan liderlərinin gec-tez görüşəcəyi bəlli idi. Xüsusilə noyabrın 16-da
Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın
rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törətməsi və bir müddətdir
Zəngəzur dəhlizi ətrafındakı müəmma bu görüşü vacib edirdi.
Gözlənildiyi
kimi, görüşün dekabrın 15-də Brüsseldə Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində
baş tutacağı açıqlandı. İndiki halda görüşlə bağlı iki maraqlı məqam var:
1.
Görüşün Moskvada və ya Soçidə deyil, Brüsseldə keçirilməsi;
2.
Görüşün Rusiya Prezidenti Vladimir Putinin deyil, Avropa İttifaqı Şurasının
Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilməsi;
Prinsip
etibarilə Şarl Mişel vasitəçi ola bilər, lakin moderator yenə də Putindir. Əvvəla,
ona görə ki, Putin yaxşı başa düşür ki, görüşün Brüsseldə keçirilməsini
Prezident İlham Əliyevdən çox Paşinyan istəyir. Aydın məsələdir ki, Paşinyan
prosesin əvvəlindən Aİ-nin sərhədin demarkasiya-delimitasiya prosesində vasitəçi
olmasını, bu yolla bölgədəki güc balansını dəyişməyi istəyir. Putin onu da
yaxşı bilir ki, Kremlin prosesdəki dominantlığı gec-tez həm Aİ-nin narazılığına
səbəb olacaq, həm də Paşinyana daxildəki antirusiya qüvvələrini artırmağa kömək
edəcək.
Görünür,
Putin Paşinyanın Brüsselin vasitəçiliyi ilə gerçəkləşəcək danışıqlarda ortaya
qoyacağı mövqedən narahatdır. Təsadüfi deyil ki, Şarl Mişelin vasitəçiliyi ilə
Azərbaycan və Ermənistan liderlərinin dekabrın 15-də görüşəcəyi xəbəri
yayıldıqdan sonra Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri
Nikol Paşinyan arasında telefon danışığı olub.
Kremlin
mətbuat xidmətindən yayımlanan məlumatda bildirilib ki, Putin və Paşinyan
2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar tarixlərində imzalanmış üçtərəfli
bəyanatların yerinə yetirilməsi kontekstində regiondakı vəziyyətin və onun
sabitləşdirilməsi üçün görülən tədbirlərin müzakirəsini davam etdiriblər.
Görünür, Putin Paşinyanla telefon danışığı zamanı ümumi mövzular ətrafında
Paşinyanın mövqeyini müəyyənləşdirməyə çalışıb. Ehtimal ki, Kreml rəhbəri buna
nail olub. Azərcbayn gədikdə isə, rəsmi Bakı üçün görüşün Moskvada, Soçidə,
yoxsa Brusseldə keçirilməsinin ya da vasitəçinin kim olmasının fərqi yoxdur. Rəsmi
Bakı üçün maraqlı olan tək şey sərhədlərin demarkasiya-delimitasiya prosesinin
yekunlaşması, Zəngəzur dəhlizinin açılmasıdır. Yəni 10 noyabr bəyanatının
qeyd-şərtsiz icra edilməsidir.
Düşünürəm,
Putinin dekabrın 15-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi
ilə Azərbaycan və Ermənistan liderləri bir araya gəlməsinə göz yumasının 2 səbəbi
var:
Birincisi,
Putin bu yolla başda Ermənistan olmaqla, Aİ-na göstərmək istəyir ki, Kreml istənilən
kənar gücün tərəflər arasında vasitəçilik etməsinə, mövcud problemi həll etməsinə
verəcəyi töhfələrə razıdır. Təbii ki, bunu bacara bilsələr. Reallıq ondan ibarətdir
ki, Kreml vasitəçiliyi olmadan indiki halda Aİ çətin ki, Ermənistan və Azərbaycan
arasında gərginliyi həll edə bilsin. Çünki Kremlin prosesə yanaşması, Zəngəzur
dəhlizi ilə bağlı təklifləri Bakı üçün məqbuldur. Brusselin edəcəyi təklif isə
çox güman ki, 27 il ərzində ATƏT-in Minsk Qrupunun təkliflərindən fərqlənməyəcək.
Bu mənada dekabrın 15-də Brusseldə keçiriləcək görüşdə Bakı və İrəvanın bu və
ya başqa formada ortaq məxrəcə gələcəyini düşünmürəm.
İkincisi,
bu görüşün Brusseldə keçirilməsi həm də Putinə Ermənistandakı qərbpərəstlərin
gücünü azaltmaq baxımından vacibdir. Çünki dekabrın 15-də Brüsseldə keçiriləcək
görüş nəticəsiz olsa və bu görüş sonrası Kreml yenidən üçtərəfli görüş keçirib
nəyəsə nail olsa, bu həm Aİ nüfuzuna zərbə vuracaq, həm də Kreml faktorunun əhəmiyyətini
artıracaq. Bu mənada deyə bilərik ki, Brusseldə baş tutacaq və ehtimal ki,
uğursuzluqla nəticələnən görüş sonrası 2022-ci ilin ilk həftələrində Putinin təşəbbüsü
və Prezident İlham Əliyev və Paşinyanın razılığı ilə Soçidə və ya Moskvada
görüş keçirəcək. Ehtimal ki, elə həmin görüşdə də Zəngəzur dəhlizinin
açılmasını özündə ehtiva edən yeni bəyanat imzalanacaq.
Turan
Rzayev