Putin Azərbaycanı Rusiyanın etibarlı tərəfdaşı adlandırdı
Rusiya Prezidenti Vladimir Putin Azərbaycanı bir sıra istiqamətlərdə, o cümlədən energetika sahəsində ölkəsinin sabit və etibarlı tərəfdaşı adlandırıb. O, Bakı ilə Moskva arasında enerji və qaz sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərinin olduğunu bildirib.
Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Putin oktyabrın 27-də Moskvada keçirilən Qaz İxrac Edən Ölkələr Forumunda çıxışı zamanı Azərbaycanla münasibətlərə toxunub. Rusiya lideri iki ölkə arasında energetika sahəsində əməkdaşlığı müsbət qiymətləndirib.
“Azərbaycan bir çox istiqamətlərdə, o cümlədən energetika sahəsində sabit və yaxşı tərəfdaşımızdır”, – deyə Putin bildirib.
Rusiya Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevlə fəal dialoq apardığını da vurğulayıb. Onun sözlərinə görə, tərəflər enerji sektorunda, xüsusilə qaz sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edirlər.
Putin bu istiqamətdə yaxşı perspektivlərin olduğunu qeyd edərək, Moskvanın Azərbaycanla birgə fəaliyyətə hazır olduğunu bildirib.
Rusiya lideri, həmçinin ölkəsinin Türkiyəyə ildə 30 milyard kubmetrə qədər qaz tədarük etdiyini xatırladıb. O, Rusiyanın Azərbaycanı rəqib kimi görmədiyini, əksinə, enerji sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, açıqlama Moskvada keçirilən Qaz İxrac Edən Ölkələr Forumunun sammiti çərçivəsində səsləndirilib. Forumda enerji bazarındakı vəziyyət, qaz sektorunda əməkdaşlıq və ixracatçı ölkələr arasında qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunur.
Altay
Sfera.az






